Paşinyana yayına bilməyəcəyi yeni sənədlər imzalatdırılacaq, üzərinə yeni öhdəliklər qoyulacaqbackend

Paşinyana yayına bilməyəcəyi yeni sənədlər imzalatdırılacaq, üzərinə yeni öhdəliklər qoyulacaq  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın son açıqlamalarından sonra bir daha aydın olur ki, Soçiyə planlaşdırılan görüşlə Bürsselə planlaşdırılan görüşü bir-birinə qarşı qoymaq doğru yanaşma deyil. Əksinə, bu görüşlərin biri digəri üçün bünövrə olmaqla, problemin yeni reallıqlara uyğun həllində Rusiya ilə Qərbin əməkdaşlığını zəruri edəcək”.

Bu fikirləriEditor.az”-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib.

E.Şükürlünün fikrincə, Qarabağ məsələsi yeganə münaqişədir ki, onun həllində Rusiya ilə Qərb uzlaşa və ortaq qərarlar ala bilər:

“Qərb çox istəyirdi ki, Avropanın enerji təchizatında və Şərqlə əlaqələrində önəmli dəhliz olan Cənubi Qafqazda qaynar müharibə ocağı sayılan Qarabağ məsələsi sülh yoluyla həll edilsin. Bunun üçün illərdir danışıqlar da aparılır, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə müxtəlif həll modelləri təklif edilirdi. Ancaq bu, alınmadı və 44 günlük savaşla bölgədə yeni reallıqlar yarandı. Bu reallıq da ondan ibarətdir ki, Azərbaycan artıq işğal altındakı ərazilərini azad edib, bölgəyə isə münaqişə tərəflərinin istəyi və rəsmi imzalarıyla 10 noyabrda sülhməramlı kimi Rusiya hərbçiləri yerləşib. Yəni, həm Qərbin, həm də Rusiyanın əsas istəkləri, faktiki olaraq, yerinə yetirilib. İndi qalır bu faktı hüquqi nəticəyə – Azərbaycanla Ermənistan arasında uzunmüddətli, qalıcı bir sülhə çevirmək. Bölgədə qalıcı sülh əldə etmək üçünsə həm Qərbin, həm də Rusiyanın birgə əməkdaşlığına ciddi ehtiyac var və keçirilməsi planlaşdırılan görüşlər də bu ehtiyacdan qaynaqlanır. Soçi görüşü Rusiyanın zəmanəti ilə Ermənistan və Azərbaycan arasında 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvarında imzalanmış razılaşmaların icrasını təmin etmək məqsədiylə təşkil edilən görüşdür və bu görüşdə Paşinyana gələcəkdə yayına bilməyəcəyi yeni sənədlər imzalatdırılacaq, üzərinə yeni öhdəliklər qoyulacaq. Düşünürəm ki, bu görüşlərdə əldə edilən nəticəni isə 15 dekabrda Qərb də qəbul edəcək. Bu baxımdan, Brüssel görüşü Qərbin yeni reallıqlara uyğun danışıqlara cəlb edilməsi üçün bir başlanğıc ola, Minsk Qrpu yenidən dirçəldilə bilər”.

E.Şükürlü hesab edir ki, Brüssel görüşündə Qərbin danışıqlarda Rusiyanın dominantlığına son qoyacağını düşünənlər də yanılır: “Qərbdə yaxşı başa düşürlər ki, danışıqlar prosesinin pozulması müharibə riskini yenidən yüksəldə və Rusiyanın Azərbaycan vasitəsi ilə Ermənistanı növbəti dəfə daha sərt şəkildə cəzalandırması, son nəticədə də qərbyönümlü Paşinyanın devrilməsiylə nəticələnə bilər. Bu səbəbdən Qərbin Rusiyanın vasitəçiliyi və zəmanəti ilə əldə edilən razılaşmaları pozmağa çalışacağını düşünmürəm. Əksinə, Qərb çalışacaq ki, bu mərhələdə Rusiya ilə anlaşmaya nail olsun”.

//Gülnarə Abasova, Editor.az