“Bu, “gözə kül üfürməkdən” başqa bir şey deyil”- Politoloqdan ŞƏRHbackend

“Bu, “gözə kül üfürməkdən” başqa bir şey deyil”- Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Şurasının Baş Katibi Maria Peyçinoviç-Buriçin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı Avropa Şurasının Azərbaycan və Ermənistan arasında danışıqların bərpası və qarşılıqlı inamın yaradılması üçün əlindən gələni etməyə hazır olduğu ilə bağlı fikirləri gözləniləndir. Təkcə Baş katib deyil, Avropa Şurası və Avropa İttifaqının bütün rəhbərləri eyni məzmunda bəyanatlar verirlər. Hətta bu gün Azərbaycan-Ermənistan danışıqlarında destruktiv rolu ilə ad qazanmış Fransa rəhbərləri belə eyni bəyanatlar səsləndirməkdən çəkinmir. Belə bəyanatların arxasında eyni səciyyəli iş dayanmırsa, onların heç bir əhəmiyyəti yoxdur və “gözə kül üfürməkdən” başqa bir şey deyil”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

O, Avropa Şurası Baş katibinin sözügedən son bəyanatına diqqət çəkib:

“Burada müəyyən səmimiyyət əlamətləri var və həqiqətən Avropa ölkələri arasında Azərbaycan- Ermənistan münasibətlərinin normallaşdırılmasını istəyən qüvvələr mövcuddur. Maria Peyçinoviç-Buriçini belə qüvvələrin təmsilçisi kimi qəbul etmək olar. Hesab edirəm ki, Fransa kimi Azərbaycanın əleyhinə bəyanat verməyən bütün Avropa rəhbərlərinin səmimiyyətinə inanmaq və onlarla iş aparmaq lazımdır. Bu baxımdan son bəyanatı müsbət qiymətləndirirəm”.

Ə.İbrahimovun sözlərinə görə bəzi Rusiya rəsmilərinin bəyanatlarında da eyni xətt müşahidə olunur:

“Yəni, Rusiya Federasiyası Prezidenti Vladimir Putindən tutmuş Xarici İşlər Nazirliyinin idarə rəhbərlərinə qədər bütün rəsmi şəxslər Azərbaycanla Ermənistan arasında münasibətlərin tezliklə qaydaya salınması və sülh müqaviləsinin imzalanmasının tərəfdarı olmaları barədə bəyanatlar səsləndirirlər. Amma əslində vəziyyət tamamilə fərqlidir. Bu gün iki ölkə arasında münasibətlərinin normallaşmasına əngəl olan dövlətlərin başında elə Rusiya durur. Rusiya Azərbaycan-Ermənistan münasibətlərini öz istəkləri çərçivəsində yaradılmasını istəyir ki, bu da bəzi hallarda bu dövlətlərin müstəqilliyinin məhdudlaşdırılmasına gətirib çıxarır. Belə olan halda nə Azərbaycan, nə də Ermənistan Rusiyanın bu mövqeyini qəbul edə bilməz və etmirlər də…”.

Siyasi analitik Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına ən böyük əngəl yaradan hər iki ölkə ilə qonşu olan İranın tutduğu mövqeyə də toxunub:

“Bu İslam ölkəsi regionda baş verən yeni proseslərin hamısına qarşı çıxır. Çünki belə hesab edir ki, istənilən geosiyasi, geostrateji və geoiqtisadi yenilik İranın əleyhinədir. Belə ki, ölkənin ali dini rəhbərindən tutmuş məscid mollasına qədər hamısı Azərbaycanla Ermənistan arasında olan münasibətlərin normallaşdırılması barədə bəyanatlar səsləndirirlər”.

//Gülnarə Abasova, Editor.az