Fevralın 17-də Parisdə keçiriləcək fövqəladə sammitdə Avropa liderləri atəşkəsə nəzarət etmək üçün Ukraynaya sülhməramlıların göndərilməsi imkanını müzakirə edəcəklər.
Editor.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən üç məmur “Financial Times”a bildirib. Hələlik, onların fikrincə, Almaniya bu təşəbbüsdən “ehtiyatlanır”. Bu ərəfədə Britaniyanın baş naziri Keir Starmer təhlükəsizlik zəmanətlərini təmin etmək üçün atəşkəsdən sonra Britaniya qoşunlarını Ukraynaya göndərməyə hazır olduğunu bəyan edib. “Associated Press” yazıb ki, Avropa ölkələri, xüsusən də Fransa və Böyük Britaniya müvafiq plan üzərində “gizli” işləyirlər, lakin Ukraynadakı təmas xəttinin necə olacağından çox şey asılıdır. Agentliyin mənbələri vurğulayıblar ki, sülhməramlı qüvvələrin tərkibi də sülh sazişinin detallarından asılıdır.
Almaniya, İtaliya, Polşa, İspaniya, Hollandiya, Danimarka və Böyük Britaniya hökumət başçılarının iştirak edəcəyi Parisdə fövqəladə sammit ABŞ-ın Rusiya ilə sülh yolu ilə nizamlanması üzrə təmasları fonunda Avropa ölkələri arasında məsləhətləşmələr üçün təşkil edilib. Sammitin məqsədi bu məsələdə ümumi Avropa mövqeyinin razılaşdırılmasıdır.
//Samir Qurbanov, Editor.az