Bu gün Azərbaycan gənci ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirbackend

Bu gün Azərbaycan gənci ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

“Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı gənclərin cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsindən birbaşa asılıdır. Çünki gənclər dövlətin və cəmiyyətin inkişaf təməlidir. Bu gün Azərbaycan gənci ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilir. Gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz uğrunda tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunə, eyni zamanda bütövlükdə cəmiyyətimizin və dövlətimizin uğuru kimi qiymətləndirilməlidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, yalnız intellektual, sağlam düşüncəli gəncləri təsir altına salmaq mümkün deyil:

“Təbii ki, burada vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq başlıca şərtdir. Biz 44 günlük Vətən müharibəsində bir daha bunun şahidi olduq. Döyüşlərdə canından keçən gənc şəhidlərimiz vətənpərvər, təəssübkeş Azərbaycan gəncləri idi. Azərbaycan gənci deyəndə bu gün ilk olaraq Mübariz İbrahimov, Xudayar, Cəbrayıl, Muxtar kimi yüzlərlə fədakar, qəhrəman oğullarımız yada düşür. Təsadüfi deyil ki, bu gün Müzəffər xalqın gəncləri məhz 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlarımızdan örnək götürür, onların keçdiyi qısa, lakin şərəfli həyat yolunu özləri üçün nümunə hesab edirlər”.

K. Nurullayevanin sözlərinə görə, informasiya savaşının da əsas iştirakçıları gənclərdir:

” Gənclərimiz müasir informasiya texnologiyalarından səmərəli və məqsədyönlü istifadə etməli, bu istiqamətdə müasir biliklərə yiyələnməlidirlər. Bu, olduqca vacibdir. Çünki bu, yeni çağırışlar fonunda milli maraqların qorunması üçün əlavə imkanlar yaradır. Bu gün erməni tərəfinin yaydığı dezinformasiyaların ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması əsas vəzifədir. Gənclərimiz bu vəzifənin də öhdəsindən sona qədər layiqi ilə gəlməlidir. Unutmaq olmaz ki, döyüş meydanında savaş bitir, amma informasiya cəbhəsində mübarizə hər zaman edir. Biz haqlı və güclü, qalib tərəf kimi bu mübarizədə bir an belə büdrəməməliyik. Xüsusilə gənclərimiz  bu məsələdə  öz vətəndaşlıq mövqeyini nümayiş etdirməli, nümunə olmalıdır.

Pezident İlham Əliyevin də söylədiyi kimi, bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüməkdədirlər. Bu, həm qürur, həm də böyük məsuliyyətdir. Gənclərimiz bütün fəaliyyət istiqamətlərində milli maraqları nəzərə almalı, Böyük Qələbəni əks etdirən şanlı tariximizi yaşatmalı və qorumalıdır. Bütün fəaliyyət daha güclü Azərbaycan naminə olmalıdır”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, cəmiyyətimizin inkişafında gənclərin rolu danılmazdır:

“Bu gün Azərbaycan gənci müxtəlif sahələrdə qazandığı uğurları ilə dövlətimizin və xalqımızın əsl qürur və iftixarına çevrilib.Onların üzərinə çox ciddi məsuliyyət  və yük düşür. Bu gün Azərbaycan gənci bu məsuliyyəti üzərinə götürərək layiqincə davam etdirir. Bu günün gəncləri gələcəyin liderləri, məmurlarıdır. Bu baxımdan onların cəmiyyətdəki rolu birmənalı olaraq əvəzsizdir. Vətən müharibəsi dövründə də gənclər çox fəal rol oynadılar. Dövlətimizin güclənməsi, dövlətçilik ənənələrinin möhkəmlənməsinə öz töhfələrini verdilər. Bu gün də Azərbaycan gəncliyi üzərinə düşən missiyanı uğurlar yerinə yetirir. Gəncliyimiz Vətən müharibəsi dövründə həm ön cəbhədə,  həm də arxa cəbhədə informasiya savaşının iştirakçısı kimi böyük rol oynadı. Bu baxımdan Azərbaycan gəncliyi ona olan etimadı tam doğrultmuş oldu. Ancaq informasiya savaşı hələ də davam edir. Biz unutmamalıyıq ki, onlara hər sahədə böyük ehtiyac var”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.