Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Üçtərəfli görüş Brüsseldə baş tutacaq.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilib.
Məsələ ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov Editor.az-a bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə danışıqlarda Aİ səylərini yüksək qiymətləndirir:
“Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə tərəflər arasında bir neçə dəfə görüşlər keçirilib. Bu görüşlərdə müsbət nəticələr əldə olunsa da Ermənistan hələ də verdiyi vədlərə əməl etmir. Ancaq ümumiyyətlə, Aİ vasitəçiliyi müsbət qiymətləndirilir. Cənab Prezident İlham Əliyev də öz fikirlərində Aİ bu səylərini yüksək qiymətləndirib. Hal-hazırda əsas məsələ üçtərəfli bəyanatın bəndlərinin icrasıdır. Bu istiqamətdə Azərbaycanın hər zamankı kimi sözü ilə əməli bir irəliləyir və üzərinə düşən bütün vəzifələrin icrasını yüksək səviyyədə, sürətlə təmin edir. Təəssüf ki, Ermənistan tərəfindən eyni məsuliyyətin şahidi olmuruq. Rəsmi İrəvan bu və ya digər şəkildə prosesi ləngidir. Moskvada son dəfə delimitasiya məsələləri üzrə kommisiyaların iclasında əldə edilən nəticələr də masa da qaldı. Bütün bunlar öz müsbət həllini tapacaq. Hesab edirəm ki, bu gün Brüsseldə növbəti dəfə baş tutacaq görüş də Azərbaycan Prezidentinin diktəsi ilə yekunlaşacaq. Azərbaycan hər zaman öz tələblərinin üzərindədir. Görüşdə sülh müqaviləsinin imzalanması üçün ilkin addımlar müzakirə olunacaq. Qarşıdakı məsələlərin daha sürətlə öz həllini tapması, delimitasiya, demakrasiya hər zamanki kimi gündəmdə olacaq. Görünür, Aİ da Azərbaycanla Ermənistan arasındakı münasibətlərinin normallaşmasında maraqlıdır və vasitəçilik missiyasını davamlı olaraq yerinə yetirmək istəyir. Azərbaycan Prezidenti addım-addım ölkəmizi öz məqsədlərinə çatdırmaq üçün mühüm işlər görür. Bu görüş də müsbət məcrada davam edən və yekunda ədalətli sülhə gətirib çıxaran addımlardan biri olacaq”.
//Gülnarə Abasova, Editor.az

