“Reabilitasiya mərkəzində yayılan videolarda xüsusi qayğıya ehtiyacı olan uşaqların əksinə daha çox şiddətə məruz qaldıqlarını gördük. Əgər bir işçi reabilitasiya mərkəzində xüsusi qayğıya ehtiyacı olan bir uşağa şiddət göstərirsə, bu artıq sistemdə boşluğun olduğunu göstərir”.
Bu fikirləri Editor.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda belə bir qayda yoxdur ki, işə qəbul zamanı işçilər hansısa bir psixoloji testdən keçdikdən sonra işlə təmin edilsin:
“Buna görə də bir çox müəssisələrdə qeyri-etik davranışların şahidi oluruq. Məsələn məktəblərdə müəllimlər şagirdləri döyür, təhqir edir. Ən pisi də odur ki, bu məsələlər sosial şəbəkələrdə bir müddət aktuallaşır və müəyyən vaxtdan sonra bəzi orqanlar həmin hadisəni ört-basdır edir. O hadisələri törətmiş insanlar heç bir cəza almadığı üçün bu hallar cəmiyyətdə təkrarlanır. Verilən izahatlarda da görürük ki, şiddətə məruz qalmış uşağın valideyni daha sonra şikayətindən geri çəkilir. Bu niyə baş verir? Sonra da həmin müəllimlərin “qohumu” olduğunu bildirərək məsələni bağlayırlar”.
Psixoloqun sözlərinə görə, nə qədər ki, bu məsələlər bağlı qalacaq, o zaman bu hallar tez-tez də təkrarlanacaq:
“Bəzən universiteti təzə bitirmiş şəxsləri çox az maaşla işə götürürlər və əməkhaqqı qane etmədiyi üçün işinə də həvəssiz yanaşır. Reabilitasiya mərkəzlərində həftənin üç günü, ayda 12 gün işləyən mütəxəssislərə 300 manat maaş verilir. Gündəlik bir pasient 20 manatdan qəbul edilir və 10-12 pasient yazılır. Belə olanda düşünürlər ki, bizim 1 günümüzün pulu elə 300 manat edir. Rəhbərliyə qarşı olan narazılığı xüsusi qayğıya ehtiyacı olan uşaqlardan çıxırlar. Bu insanların psixoloqa ehtiyacı var, amma özü psixoloqdur. Bəzən görürük ki, fizika müəllimi, kimya müəllimi, heç ali təhsili olmayan 11-ci sinfi belə çətinliklə bitirmiş insanlar psixoloq olur. Bəzi mərkəzlər var ki, 3 aylıq kurs keçirib 4min manat pul alıb sonda işlə təmin edir və belə olanda da kimlərinsə uşağı şiddət görür. Bütün mərkəzlər araşdırlımalı, kamera ilə təmin olunmalıdır. Valideyn də öz uşağına nəzarət etməlidir. Onu da qeyd edim ki, bir tələbə yüksək bal yığıb ali təhsil müəssisəsinə qəbul olursa, bu o demək deyil ki, onun insani keyfiyyətləri, iş qabiliyyəti də çox yaxşıdır. Mərkəz rəhbərləri işçi qəbul edərkən xasiyyətnaməsini araşdırmırlar. Bu əsas problemdir. Hər kəs öz yaxınını, qohumunu işə götürür. Bu düzgün deyil. Günü-gündən belə mərkəzlərin sayının artması, qiymətlərin aşağı düşməsi və işçilərin maaşının həddən artıq aşağı endirilməsi bu halların yaranmasına səbəb olur. Bu gün öz ailəsinin problemlərini həll edə bilməyən insanlar psixoloq olurlar. Bəzi verilişlər 200-300 manat müqabilində ixtisasını belə soruşmadan həmin şəxsləri psixoloq kimi təqdim edirlər. Bu istiqamətdə medianın da rolu böyükdür. Diplomu olmayan insanları psixoloq kimi təqdim etdikdə bu hallar artacaq. Diplomu olanlar belə xüsusi yoxlamadan keçməlidir”.
//Safura Bənnayeva, Editor.az

