“Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır və bu şagirdlərin tədris prosesində 150 minə yaxın müəllim çalışır. Şagird sayını nəzərə alsaq müəllimlərin şagirdlərə tam olaraq nəzarət etməsi mümkün deyil. Yəni, ümumilikdə Bakı şəhəri üzrə hər 14 şagirdə, bölgələrdə isə hər 11 şagirdə 1 müəllim düşür”.
Bu sözləri Editor.az-a təhsil eksperti Kamran Əsədov Bakının 156 saylı məktəbinin yaxınlığında şagirdlərdən birinin həmcinsi tərəfindən bulinqə məruz qalması halına münasibət bildirərkən deyib.
Ekspert baş verən hadisədə məktəbi, məktəb rəhbərini günahlandırmağın tamamilə yanlış olduğunu bildirib:
“Bu məsələdə tək günahkar valideyndir. Ailə Məcəlləsinin müvafiq maddələrində qeyd olunur ki, uşaqların tərbiyəsi bilavasitə valideynin öhdəliyindədir. Buna görə birbaşa valideynlər məsuliyyət daşıyır. Baş verən çox ciddi hadisədir. Bu gün şagirdlərin məktəb daxilində və məktəbdən sonra bir-birilərinə bulinq etmə hallarının sayı kəskin şəkildə çoxalıb. Hətta bir müddət bundan əvvəl Tovuz rayonunda iki qız şagirddən birinin digərinə fiziki zorakılıq zəminində kəsici alətlərdən istifadə edərək xəsarət yetirməsinə şahid olmuşduq. Bu halların bir səbəbi var ki, o da valideynlərin övladları ilə düzgün ünsiyyət qura bilməməsidir. Bu gün Azərbaycan valideyni övladı ilə düzgün ünsiyyət qurmur. Ana sosial şəbəkədə vaxt keçirtdiyi qədər övladı ilə məşğul olmur, əlində telefon tutduğu qədər uşağın əlindən tutmur. Övlad və valideyn arasında əlaqənin düzgün qurulmaması nəticədə həmin uşaqların cəmiyyətdə aqressiv davranışlarına gətirib çıxarır. Bu gün valideynlər övladlarına verə bilmədiyi tərbiyəni məktəbdə müəllimdən tələb edir.
156 nömrəli məktəbin şagirdlərinin dərsdən sonrakı fəaliyyətlərində bir-birinə qarşı törətdiyi bu əmələ baxanda bir filmin ssenarisi insanın gözündə canlanır. Belə ki, qızların bir-birinə etdiyi zorakılıqlar hansısa serialın epizodlarıdır. Bu uşaqlar valideynlərinə bənzəyir, kitab oxumur əvəzində sosial şəbəkələri izləyir, xüsusilə “Tiktok” platformasının təsirinə düşürlər. Belə ki, bu tipli fiziki zorakılıqlarla qarşılaşan uşaqlar intihar edə bilər. Nəticəsi çox ağır ola bilər”.
K. Əsədov məktəbin də baş verən məlum hadisədə müəyyən qədər rolu olduğunu bildirib:
“Məktəb psixoloqları ayda bir dəfə də olsa şagirdlər arasında psixoloji test keçirtməlidir. Psixoloji pozuntusu olan uşaqlara daha çox diqqət ayrılmalı, onlar psixoloji təlimlərə cəlb olunmalıdırlar. Bu hal dözülməzdir. Məktəbin təlim- tərbiyə üzrə direktor müavini, uşaq birliyi rəhbəri bütün uşaqları nəzarət altına almalıdır. Hadisədə yeganə günahsız şəxslər müəllimlərdir. Hansı valideynlərin uşaqları cəmiyyətdə aqressiv addımlar atırsa, onlar günahı hər zaman müəllimdə görür. Şagirdlər arasında davranış qaydaları var və bunun pozulması halları kiçik xuliqanlıq əməlidir. Çox ağır haldır ki, şagirdlər kitab oxumaq, dərsləri ilə məşğul olmaq yerinə belə məsələlərlə gündəmdədirlər. Həmin şagirdlər ən sərt halda cəzalandırılmalı, təhsilalma hüquqları məhdudlaşdırılmalıdır ki, digərlərinə dərs olsun”.
//Gülnarə Abasova, Editor.az

