Bu gündən Azərbaycanda bayram tətili BAŞLADI: Hamı rayonlara üz tutur- Turizmlə bağlı vəziyyət nə yerdədir?backend

Bu gündən Azərbaycanda bayram tətili BAŞLADI: Hamı rayonlara üz tutur- Turizmlə bağlı vəziyyət nə yerdədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

“Hamı bayram günlərində Bakının tıxac problemindən dincəlmək istəyir, heç olmasa təbiətin qoynunda vaxtını keçirməyə çalışır. Ona görə də bayram günlərində rayonlara səfər edənlərin sayı, turizm mərkəzlərdə dincəlməyə üstünlük verənlərin sayı çoxalır. Təbii ki, səyahətə çıxan hər bir kəsi düşündürən birinci məsələ xidmət mərkəzlərində xidmətlərin qiymətləri və keyfiyyəti məsələsi olur”.

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov Editor.az-a bayram günlərində regionlarda turizmin vəziyyətini şərh edərkən deyib.

Millət vəkili son illər regionlarımızda kifayət qədər istirahət mərkəzlərinin tikildiyini qeyd edib:

“Həm də bu istirahət mərkəzləri xidmət səviyyəsindən aslı olaraq müxtəlif kateqoriyalarda fəaliyyət göstərirlər. Daha yüksək xidmətlər təklif edən istirahət mərkəzlərində və restoranlarda qiymətlər digərlərinə nisbətən baha olur. Həm də rayonlarda vətəndaşlar fərdi evlərini də günlük kirayəyə verməyə başlayır. İmkanı daha aşağı olan  insanlar belə evləri bir neçə günlüyə kirayəyə alır və ailəliklə birlikdə rayonun təmiz havasında dincəlirlər. Kirayə seqmentində də bahalı və ucuz qiymətlərlə evlər təklif olunur. Demək olar ki, hər bir qiymətə dincəlmək üçün imkanlar mövcuddur. Bayram günlərində istirahəti planlaşdıran şəxslərə  istirahət etmək  üçün xüsusilə Qusar-Quba bölgəsinə üz tutmalarını tövsiyyə edirəm. Çünki, yollardakı narahatlıqlar da aradan qalxıb, həm də bu rayonlar Bakıya daha yaxın və qiymətlər də münasibdir. Qeyd etmək istəyirəm ki, rayonlarda təklif olunan qiymətlər paytaxtdan və iri şəhərlərdən kifayət qədər ucuzdur”.

İqtisadçı ekspert Elşad Məmmədov Editor.az-a regionların iqtisadi potensialının turizmlə daha çox bağlı olduğunu deyib:

“Ölkəmizdə regional turizmin inkişaf ilə bağlı potensialların kifayət qədər çox olmasına baxmayaraq bunlardan istifadə olunmur. Xüsusilə bayramqabağı xidmət sektorunda vəziyyət daha da çətinləşir. Belə ki, qiymətlər əhalimizin hər təbəqəsi üçün əlçatan  deyil. Digər tərəfdən xidmət səviyyəsinin aşağı olması vətəndaşlarımızı xaricə üz tutmağa məcbur edir. Bu amillər bölgələrdə turizmin inkişafına mane olur. Son illər ölkəmizə xarici turist axını da nisbətən azalıb. Çünki bir tərəfdən quru sərhədlər bağlıdır, digər tərəfdən hava nəqliyyatı ilə sərnişin daşıma qiymətlərinin əlçatanlığının arzuolunmaz səviyyədə olması xaricdən turistlərin gəlməsinə əngəl törədir. Eyni zamanda, biz həm də hava nəqliyyatı ilə ölkəyə və ölkədən həyata keçirilən reyslərin istiqamətlərinə diqqət yetirsək açıq aşkar bəzi məhdudiyyətləri görə bilərik. Belə ki,  Azərbaycanda bir çox hava limanlarının istismara verilməsinə baxmayaraq reyslərin istiqaməti məhdud saydadır. Bu da qiymətlərin yüksək olması ilə  bağlıdır. Bu problemlərin aradan qaldırılması ilə biz turizmin inkişafına nail ola bilərik”.

İqtisadçı ekspert ölkəmizdə “turist infrastrukturu”, “turizm”lə bağlı qurumların artmasına ehtiyac olduğunu da diqqətə çəkib:

” İnhisarçılıq bazar iqtisadiyyatına olduqca mənfi təsir göstərən amildir. Çünki inhisarçılığın olması şəraitində qiymətlər hər zaman yüksələn xətt üzrə dəyişir. Beləliklə pul-kredit siyasətinin yumşaldılmasına, bank kredit faizlərinin kəskin şəkildə endirilməsinə ehtiyac var ki, daha çox iş adamları turizm xidmətlərini həyata keçirdə bilsin və turizm infrastrukturu inkişaf etsin. Çünki  belə olduqda bazarda təkliflər artacaq və qiymət əlçatanlığı da müasir şəkildə formalaşacaq”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.