Son günlər Gürcüstanla ATƏT arasında yaşanan diplomatik gərginlik Cənubi Qafqazda Qərb təsirinin azaldığına dair müzakirələri yenidən alovlandırıb. Beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Gürcüstanın reaksiyası region dövlətlərinin suverenliyə münasibətdə artan həssaslığının göstəricisidir. O, Gürcüstanın ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Tbilisiyə səfərinə münasibətini Editor.az-a şərh edib.

Ekspert bildirib ki, Gürcüstanın etirazı dövlətin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanır və bu mövqe tamamilə haqlıdır:
“Qonşu Gürcüstanı bu məsələdə haqlı görürəm. ATƏT sədri kimi ölkəyə səfər edirsənsə, məqsəd dialoq və əməkdaşlıq olmalıdır, daxili siyasi proseslərə qarışmaq yox. Təsəvvür edin, eyni hal Azərbaycanda baş versəydi və ATƏT sədri müxalifət tərəfdarı kimi çıxış etsəydi — bu, necə qarşılanardı? Dövlətlərin daxili işlərinə müdaxilə beynəlxalq hüquq normalarına ziddir. Gürcüstan hökuməti indiyədək kifayət qədər səbir və təmkin nümayiş etdirib”.
Cavanşir Abbaslının sözlərinə görə, Qərb institutlarının son dövrlərdə bölgədəki proseslərə münasibətində ikili standartlar açıq hiss olunur:
“Əgər ATƏT və ya Aİ regionda sülh, sabitlik və demokratik inkişafı dəstəkləmək istəyirsə, bu, yalnız qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq prinsipləri üzərində qurulmalıdır. Təəssüf ki, son illər bu balans pozulub. Gürcüstan hökumətinin qərarlarına qarşı təzyiqlər ölkəni Qərbdən uzaqlaşdırır və nəticədə regionda yeni siyasi gərginlik yaradır”.
Şərhçi qeyd edib ki, Gürcüstanın son illərdə Qərblə münasibətlərində yaranan soyuqluq həm daxili siyasi proseslər, həm də xarici təsir cəhdləri ilə bağlıdır:
“Gürcü Arzusu” partiyası artıq bir neçə seçkidə qalib gəlib və bu, cəmiyyətin dəyişən siyasi meyillərini göstərir. Gürcü xalqı 2008-ci ildəki hadisələri – Cənubi Osetiya və Abxaziya faciəsini – unutmur. O dövrdə Qərbin onları döyüş meydanında və danışıqlar masasında tək buraxması hələ də yaddaşlardadır. Bu səbəbdən Gürcüstanda Rusiyanın təsir elementləri tam aradan qalxmayıb”.
Ekspertin fikrincə, son hadisə Gürcüstan–Qərb münasibətlərindəki problemlərin açıq təzahürüdür:
“Bu gərginlik yeni yaranmayıb, sadəcə son hadisə bardağı daşıran son damla oldu. Gürcüstanın suverenliyinə hörmətlə yanaşmaq və regional sabitliyin qorunmasına töhfə vermək beynəlxalq təşkilatların əsas prioriteti olmalıdır”.
//Gülnarə Abasova, Editor.az

