Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dünən keçirilən iclasında deputat Sabir Rüstəmxanlıya irad bildirib. Bir millət vəkilinin parlamentdəki çıxışına spikerin sərt, ağır reaksiyası və bir sıra deputatların da əl çalaraq həmkarlarının əvəzinə onu dəstəkləməsi cəmiyyətdə çaşqınlıq yaratdı, ictimaiyyət arasında, xüsusilə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu.
Məsələ ilə əlaqədar Milli Məclisin deputatı Fazil Mustafa Editor.az-a bildirib ki, parlament siyasi mübarizə müstəvisidir və burada ayrı-ayrı siyasi maraqlar yer alır:
” Milli Məclisdə Yeni Azərbaycan Partiyası, müxalifət partiyasının üzvləri və tərəfsizlər var. Sabir Rüstəmxanlı da müxalifət partiyasının təmsilçisi kimi öz tənqidi fikirlərini səsləndirdi və Yeni Azərbaycan Partiyasının üzvü kimi Sahibə Qafarova da buna reaksiya verdi. Yəni, iqtidar partiyası Sabir Rüstəmxanlının fikirlərinin düzgün olmadığını siyasi mövqedən ifadə etməlidir. Nəzərə almaq lazımdır ki, Sahibə Qafarova da YAP-ın üzvüdür. Baş verən hadisədə nə spikerin, nə Sabir müəllimin, nə də alqışlayanların hərəkətində parlament etikasından kənara çıxan bir davranış yoxdur. Spikerin verdiyi reaksiya normal idi. O sadəcə öz nöqteyi-nəzərindən səsləndirilən fikrin reallığa uyğun olmadığını söylədi və yerdən də hakim partiyanın təmsilçiləri alqışlayaraq öz dəstəyini verdi. Parlamentdə biri bir fikir səsləndirə bilər, çoxluq da bunu qəbul etməyə bilər və öz arqumentini ortaya qoyar. Bu hadisəni böyütməyə ehtiyac yoxdur. Parlamentdə belə şeylərin olmağı normaldır. Bizim cəmiyyətdə belə hadisələrə adət edilmədiyi üçün ciddi müzakirələrə səbəb olur. Əsas odur təhqir, dava və əlbəyaxa hadisə olmayıb. Nəzərə almaq lazımdır ki, parlament siyasi mövqelərin müzakirə edildiyi məkandır və bu məkanda da kiminsə nədənsə narazı qalmağı doğru deyil. Bir neçə dəfə olub ki, mən də bəzi məsələrlə bağlı öz tənqidi fikirlərimi səsləndirmişəm, lakin buna baxmayaraq qanun qəbul edilib. Çoxluğun iradəsi mənim haqlı mövqeyimi dəstəkləmirsə, mən indi hər dəfə çoxluqla savaşmalıyam? Parlament mühitində bu cür hadisələrə alışmaq lazımdır. Əksinə Milli Məclisdə belə hadisələrin olmaması pisdir. Bu o demək olar ki, parlament üzvləri hərşeydən razıdır və qaldırılan məsələlər öz axarında həll olunur, müzakirə edilmir”.
//Gülnarə Abasova, Editor.az

