Bu hadisənin arxasında başqa qüvvələr var – Eks-nazirdən şok açıqlamabackend

Bu hadisənin arxasında başqa qüvvələr var – Eks-nazirdən şok açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı kimi qiymətləndirmək lazımdır.

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, hadisəni törədən İran vətəndaşının fikirləri həqiqəti əks etdirmir.

Eks-nazir hesab edir ki, səfirliyə hücum planlı şəkildə həyata keçirilib:

“İrandakı səfirliyimiz Vyana konvensiyasına uyğun olaraq, Azərbaycanın ərazisi kimi qəbul olunur. Oraya hücum edilib və Azərbaycan vətəndaşı öldürülüb. Məhz buna görə də hadisəni terror aktı kimi qəbul etmək olar. Saxlanılan şəxs hadisəni guya şəxsi zəmində törətdiyini deyir. O bildirir ki, həyat yoldaşı apreldə səfirliyə gedib və orada qalıb. Apreldən bəri gör nə qədər vaxt keçib. Həmin şəxs gəlib səfirliyə müraciət etməli idi. Polisə müraciət etməliydi ki, mənim həyat yoldaşım filan yerə getmişdi, geri qayıtmayıb. Əlbəttə, onun çıxışı həqiqəti əks etdirmir”.

E.Məmmədyarov düşünür ki, səfirliyə hücumu bir nəfər planlaşdıra bilməz:

“Sözün açığı, mən bu hadisənin bir nəfər tərəfindən planlaşdırıldığına inanmıram. Hadisənin arxasında kimlərsə, başqa qüvvələr dayanır. Bu qüvvələrin kim olduğu istintaq nəticəsində məlum olacaq. Belə hallarda müstəntiqlər qrupu yaradılır. Baş Prokurorluğun, Hərbi prokurorluğun, Daxili İşlər Nazirliyinin və DTX-nin müstəntiqləri bir yerə toplaşır. Onlar öz işlərini görməlidirlər. İran hökuməti ilə işləməlidirlər ki, hadisəni istintaq yolu ilə daha dərindən araşdırsınlar. Beləliklə, hansı qüvvələrin sözügedən hadisənin arxasında olduğu aşkara çıxacaq.

Doğrudur, son zamanlar İrandakı bəzi dairələrin, dırnaqarası politoloqların Azərbaycana qarşı təhdid xarakterli çıxışları olurdu. Hətta mən nazir işləyəndə də İran tərəfindən bəzi qüvvələr, deputatlar, eləcə də dırnaqarası politoloqlar Azərbaycan əleyhinə fikirlər səsləndirirdilər. Belə faktlar da var. Ancaq dəqiq söz demək mümkün deyil. Çünki adam istəmir ki, kimisə ləkələsin. Buna görə də, Azərbaycan hökuməti araşdırmalıdır ki, hadisənin arxasında hansı qüvvələr dayanır”.

Sabiq XİN rəhbəri vurğulayıb ki, istənilən halda İran tərəfi məsuliyyət daşıyır:

“İran səfirliklər haqqında Vyana konvensiyasına uyğun olaraq, səfirliyin təhlükəsizliyini qorumalı idi. Bəli, razıyam, bu terror hadisəsidir. Məlumdur ki, Azərbaycanda hansısa səfirliyin önündə aksiya keçiriləndə Azərbaycan Daxili İşlər Nazirliyi ora əlavə polis qüvvələri göndərir. Burada məqsəd hansısa insidentin və xoşagəlməz hadisənin qarşısını almaqdır. Bəzi ölkələr var ki, öz səfirliyini qorumaq üçün öz qoşunlarını göndərir. Məsələn, Amerika belə edir. Rusiya da SSRİ vaxtından öz səfirliklərinin təhlükəsizliyini qorumaq üçün sərhəd qoşunlarını göndərir. Çünki səfirlik ölkənin sərhədi kimi qəbul edilir. Biz də təhlükənin böyük olduğu ölkələrə belə adamları göndəririk. Biz İrandakı səfirliyi özümüz qoruyurduq. Orada həm də polis postu var. Mənim çalışdığım vaxtlarda biz harada təhlükəli vəziyyət olardısa, oraya zabitlər göndəririrdik. Biz Azərbaycan diplomatik nümayəndəliklərini necə qorumalı olduğumuzla bağlı ciddi təhlillər aparmalıyıq”.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu oldu. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.