“Rusiyada sülhməramlı kontingentinin komandanın dəyişdirilməsi müxtəlif səbəblərlə əlaqələndirilir. Rusiya istədiyi vaxt hərbi kontingentinin rəhbərliyini dəyişdirir. Bu isə Rusiya tərəfindən müxtəlif səbəblərlə izah edilir. Hesab edirlər ki, sülhməramlıların komandanlığının uzun müddət orada qalaraq yerli əhali ilə ünsiyyətə girməsi, onlarla yaxından tanış olmasının sonradan ciddi mənfi nəticələri ola bilər”.
Bunu Editor.az -a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov erməni mediasında yayılan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanın dəyişdirilərək ermənirusiyalı general-mayor Kirill Denisoviç Kulakovun bu vəzifəyə gətirilməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib:

Politoloq onu da vurğulayıb ki, sülhməramlılar diplomatlar kimi müəyyən müddətdən sonra dəyişdirilməlidir:
“Təbii ki, bu, Rusiyameyilli mənbələrin verdiyi izahdır. Ancaq rəsmi Bakının baxış bucağı tamamilə fərqlidir. Hesab edirəm ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı burada yaxşı nəticə göstərsəydi və Azərbaycanla orada yaşayan erməni tör-töküntüləri arasında isti münasibət yarada bilsəydi yəqinki onu bu tezliklə dəyişməzdilər. Rusiya sülhməramlı komandanının tezliklə dəyişilməsi onun vəziyyətə nəzarət edə bilməməsi və yaxud da vəziyyətin normallaşdırılması istiqamətində tədbir görə bilməməsi ilə əlaqədardır. A.Lentsov gələndən bu zamana qədər bölgədə qeyri-sabit vəziyyət hökm sürür və ermənilər Azərbaycana inteqrasiya istiqamətində lazımi addımlar atmırlar. Bununla da sülh müqaviləsinin imzalanmasını sanki gecikdirirlər. Belə ki, bu da Rusiyanın regionda yürütdüyü siyasətlə uyğunlaşmır”.
Ə.İbrahimovun sözlərinə görə, Moskva rus sülhməramlılarının əli ilə sülh razılığının əldə olunmasını və onlardan həm Azərbaycan, həm də Ermənistanın narazı qalmasını istəyir:
“Ancaq biz bunun hər gün əksinin şahidi oluruq. Belə ki onların fəaliyyətindən hər iki tərəf narazıdır. Rusiya sülhməramlıları haqqında ciddi neqativ məlumatlar mövcuddur. Onlar Qarabağda yaşayan ermənilərə bir növ dəstək olur. Müəyyən məsələlərdə onlara muzdluluq edirlər, yəni bəzən pul müqabilində onlar üçün iş görürlər. Bütün bunlar rus sülhməramlılarının komandanının vəziyyətə nəzarət etməməsinin göstəricisidir. Təbii ki, bu hal uzun müddət davam edə bilməzdi. Məhz buna görə komandan müəyyən zamandan sonra dəyişdirilir. Rusiya sülhməramlılarının qarşısından çox ciddi öhdəliklər var. Onlar Azərbaycanla dil tapmalıdır. Əgər belə olarsa, yeni gələn sülhməramlı komandan uzun müddət vəzifədə qala bilər. Əks halda yəqin ki, onun taleyi Lentsovun taleyi kimi olacaq. Azərbaycan üçün isə Rusiya sülhməramlı komandanının tez-tez dəyişməsinin heç bir fərqi yoxdur. Ona görə ki, bu hal rəsmi Bakının məqsədlərini həyata keçirtmək əzminə mane ola bilməyəcək. Artıq Rusiya hərbi dairələrində başa düşürlər ki, Azərbaycan qarşısına qoyduğu bütün məqsədləri həyata keçirəcək. Eyni zamanda, Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası istiqamətində də ciddi addımlar atılır”.
//Gülnarə Abasova, Editor.az

