“Bu halda Paşinyanın Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da iştirakı son dərəcə mümkündür”- ŞƏRHbackend

“Bu halda Paşinyanın Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da iştirakı son dərəcə mümkündür”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan qlobal çağırışlara proaktiv yanaşma göstərən dövlətdir. Cənab Prezident İlham Əliyevin illər ərzində yürütdüyü gərgin siyasətin nəticəsi olaraq etibarlı aktor kimi özümüzü təsdiq etməyimiz, dövlətimizin nüfuzunu, xalqımızın mübarizliyini Vətən müharibəsində və ondan sonrakı dönəmdə əldə etdiyimiz uğurlarla taclandırmağımız, xalq olaraq xoş niyyətimiz, Qoşulmama Hərəkatına nümunəvi sədrliyimiz, baryerləri aşaraq problemləri həll etməyimiz, hər imkanı fürsət kimi dəyərləndirməyimizin nəticəsi olaraq beynəlxalq birlik dünyanı yaxından narahat edən problemlərin müzakirə və həll edildiyi bir tədbirin keçirilməsi işində önəmli platforma kimi COP29-a evsahibliyi etmək üçün yekdil dəstəyini məhz Azərbaycana verdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin praqmatik diplomatiyasının uğuru həm də onunla təsdiqlədi ki, müəyyən dairələrin canfəşanlığına baxmayaraq xoş niyyətin təzahürü olaraq Ermənistan da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəklədi:

“Sözsüz ki, bu amilin özü də məsələlərin məhz iki dövlət arasında həll oluna biləcəyinin siqnallarından biri idi. Ondan sonrakı dönəmdə bir güllə atılmadan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması, sərhəddə dirəklərin quraşdırılması da dövlətlərin daxilinə edilən cəhdlər fonunda olduqca böyük uğurdur. Hələ üstəlik o amili də vurğulamaq lazımdır ki, bu cəhdlər Cənubi Qafqaz ölkələrinin hər birinə edilsə də, onları ən uğurla dəf edən məhz Azərbaycan oldu. Ən çox Ermənistanda bu cəhdlərə hələ də davam edilir. Son günlər gedən proseslər fonunda bəlli cəhdlərin Şərqi Avropaya doğru addımladığının da şahidiyik. Zənnimcə, o da heç təsadüf deyil ki, COP 29-la bağlı verilən məlum açıqlamada Azərbaycan da öz növbəsində xoş niyyət kimi Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləmiş, Ermənistanla bərabər Şərqi Avropa Qrupuna daxil olan digər ölkələrin də Azərbaycanın namizədliyini dəstəkləyəcəklərinə ümidini ifadə etmişdi.

Müstəqillik günü ilə bağlı dövlətimizin başçısına hələ də çoxsaylı təbrik məktubları ünvanlanır. Sadəcə bir neçə məktubun kontentinə nəzəri baxmaq lazımdır ki, dövlət başçımıza olan ehtiramın, dövlətimizə bu işdə ifadə olunan dəstəyin şahidi olasan”.

Ş. Həsənova onu da qeyd edib ki, Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi etməsi praktikası hər zaman uğurlu alınıb:

“İcra edilən layihələrin, dövlət institutlarının koordinasiyalı fəaliyyətinə nəzər yetirərkən COP29-un da öhdəsindən məsuliyyət və uğurla gələcəyimizə əmin olursan. Siyasi arenanın isə o vaxta qədər önəmli hadisələrlə dolu olacağı ehtimal olunur ki, bunlardan ən önəmlisi Ermənistanla süıh sazişinin imzalanmasıdır. Cənab Prezident İlham Əliyev bildirmişdi ki, noyabra qədər sənəd imzalana bilər, layihə, demək olar ki, hazırdır, təfərrüatlar və detallar isə sonranın işidir. Bu, həqiqətən də belədir. Bir digər və önəmli həqiqət odur ki, proseslərə istiqamət verən Azərbaycan Prezidenti, layihəni hazırlayan da Azərbaycan dövlətidir. Nikol Paşinyan isə pozitiv siqnalları indi verməyə başlamayıb, lakin zənnimcə o, bu məsələyə heç zaman olmadığı qədər indi hazırdır. Bu hazırlığı proseslər daha da yoğurdu ki buna da Azərbaycanın qətiyyəti gətirib-çıxartdı. Belə olacağı təqdirdə Paşinyanın tədbirə gəlməsi son dərəcə mümkündür. Qeyd etdiyim kimi digər dövlət başçılarının məktublarında, qarşılıqlı reallaşdırılan səfərlərdə dəvətlər ehtiva olunur. Sülh sazişi imzalanandan sonra Paşinyanın gəlişində də maneə qalmaz, elə orda da bu məsələ həllini tapar. Cənubi Qafqaz yeni bir eranın astanasındadır, onun mübarək qədəmlərini yazan isə xalqının ümidlərini hər zaman doğruldan Müzəffər Ali Baş Komandanımızdır”.

//Gülnarə Abasova, Editor.az