“Bu havada qətiyyən günəş altına çıxmaq olmaz” – Həkimdən ürək xəstələrinə çağırışbackend

“Bu havada qətiyyən günəş altına çıxmaq olmaz” – Həkimdən ürək xəstələrinə çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sinoptiklər yaxın günlərdə Azərbaycanda 44 dərəcəyə yaxın istilər vəd edir.  Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, avqustun 11-də havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti olacaq. 

Bu cür hava isə hətta ürəyindən şikayəti olmayan insanlar üçün belə təhlükəli, riskli ola bilər. Bəzi ürək xəstələri isti havalarda sərin  evdə qalmağı seçir, amma yenə də özünü pis hiss edir.

Bəs bu cür xəstələr narahatlıq hiss etməmək üçün nələrə riayət etməlidir?

Məsələ ilə bağlı Yenisabah.az-a Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli danışıb. Həkim bildirib ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər isti havalarda daha diqqətli olmalıdır. O, qeyd edib ki, ardıcıl olaraq günlərlə davam edən isti havalar meteohəssas insanlar üçün təhlükəlidir:

“Bu cür havada qətiyyən açıq günəş altına çıxmaq olmaz. Ürək xəstələrinə bu xüsusən qadağandır. Onlar gündəlik dərmanlarını ötürməməli, vaxtlı-vaxtında qəbul etməlidirlər. Xüsusilə qan durulducular, qan təzyiqi üçün olan dərmanlar mütləq içilməlidir.

Ürək çatışmazlığı olanlar gün ərzində kifayət qədər maye qəbul etməlidir. Gündəlik 1,5-2 litr su içmək lazımdır. Tərləmə ilə bədən duz və su itirir, kaliy, maqniy yuyulur. Ona görə də çox tərləyən insanlar içdikləri suya bir qədər duz qatsalar yaxşıdır. Ürək çatışmazlığı olanlar suya duz qatmasa da, olar, amma mütləq şəkildə gündəlik lazımi miqdarda maye qəbul etmək vacibdir. Əsas məqam dərmanları içməkdir ki, ürəkdə aritmiya olmasın və təzyiq qalxmasın”.

Kardioloq bildirib ki, kondisioner havasında oturmaq ürəyə ciddi təsir etməsə də, insanlarda digər xəstəliklərə səbəb ola bilir:

“Kondisioner havasında oturmaq ürəyə ciddi problem yaratmaz, lakin tərli-tərli kondisioner altında oturmaq başqa xəstəliklərə yol aça bilər. Bu cür soyuqda oturmaq soyuqlamaya, müxtəlif əzələ, sinir ağrılarına səbəb ola bilər. Amma kondisionerin ürəyə mənfi təsiri yoxdur”.