“Hindistan Ermənistana çox böyük sayda silah tədarük etmək niyyətindədir. Bu proses artıq başlayıb. Hindistanın o cümlədən, bütün dünya ikinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı müharibədə hansı vəziyyətə düşdüyünün şahidi oldu”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, bu zamana qədər bəlkə də dünyanın bir hissəsi Cənubi Qafqazda baş verən hadisələri bilmirdi:
“Əslində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin fərqində deyildilər. İkinci Qarabağ müharibəsi dövründə prezident İlham Əliyevin xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində bu məsələlərə aydınlıq gətirildi.
Dünya və Hindistan əhalisi bundan sonra regionda gedən hadisələrdən xəbərdar oldular. Ermənistana hansısa dəstəyin verilməsi səmimi addım deyil. Sülhə, təhlükəsizliyə və sabitliyə təhdid yaradacaq addımlara rəvac verən siyasətdir”.
Politoloq qeyd edir ki, müstəqilliklərini bərpa etdikdən sonra Pakistan və Hindistan arasında Kəşmir vilayətinə görə çox ciddi münaqişə baş verir:
“Keçmiş Qarabağ münaqişəsi və İkinci Qarabağ müharibəsinə qədər həmçinin bugünkü proseslərdə də Azərbaycana Türkiyədən sonra ən yaxın münasibət göstərən ölkə Pakistandır. Bu siyasət dünya üçün gizlin deyil. Pakistan Azərbaycana birgə hərbi təlimlərdə iştirak edir. Azərbaycanın haqlı mövqeyində ona dəstək olduğunu daim nümayiş etdirir. Hətta bu yaxınlarda Pakistanda hakimiyyət dəyişikliyi baş versə də bu siyasətdə heçnə dəyişmədi.Bu məqamdan məharətlə istifadə edən fürsətçi Ermənistan Hindistan dövlətinin rəhbərliyinə müəyyən təzyiqlər göstərib. Ermənistan diaspor və lobbi təşkilatları bütün dünyada imkanlarını səfərbər ediblər. Hindistan Asiyada ABŞ-a loyal təsir göstərən və Çin, Pakistanla münasibətdə Amerika və Qərbin yanında mövqe tutan dövlətlərdən biridir. Qərb dövlətləri ABŞ və Böyük Britaniya başda olmaqla gələcəkdə Çinə qarşı münasibətdə əsas qüvvə kimi Hindistanı görür. Çünki Hindistan həm ərazi, həm də əhali baxımından Çinə rəqib olacaq bir dövlətdir.
Hindistanda çox da ciddi təsirə malik olmayan erməni diasporu ABŞ vasitəsilə Hindistana təsir göstərə bilər. Hindistan dövləti Ermənistana yardım etməklə böyük səhv edir. Bu prosesə biganə münasibət nümayiş etdirən dünya dövlətləri göstərir ki, onlar Cənubi Qafqaz regionunda sülhün əldə olunmasında maraqlı deyillər. Əksinə gərginliyin artmasını istəyirlər.
X. Bəşirov qeyd edib ki, iqtisadiyyatı zəif olan, sosial baxımdan xaotik proseslərin cərayan etdiyi, ölkədə hərc-mərcliyin mövcud olduğu Ermənistan kimi dövlətə edilən yardımlar heç bir nəticə verməyəcək:
“Bu silahlandırma yalnız regionda sülhün əldə edilməsini ləngidə bilər. Amma Ermənistanın qələbə əldə edəcəyi müharibədən söhbət belə gedə bilməz. Azərbaycan ordusu gündən-günə güclənir”.
//Safura Bənnayeva, Editor.az

