” Diplomatik masada ləngimələrə Rusiyanın birbaşa təsiri var. Son təxribatlar Paşinyanın daxilə hesablanmış qazancları olsa da, əsas avantajlar Rusiyanın payına düşdü. Paşinyanın qazancı daxili auditoriyanı üçtərəfli bəyanatın prinsiplərinə boyun əyməkdən başqa yolları olmadığına inandırmaq və Qarabağ klanının təsir rıçaqlarını zəiflədərək hakimiyyətinə gələcək zərbələrdən müdafiə olunmaqdır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli səsləndirib.

Partiya sədri bildirib ki, Ermənistan Qərbin regiona daxil olmasına rəvac vermək, uzun müddətdir Kəlbəcər-Xəzinəvar istiqamətində beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təmin etmək məqsədilə rus sülhməramlılarının bu missiyanın öhdəsindən layiqli gəlmədiyi görüntüsünü yaratmağa çalışır:
“Putin isə bundan öncəki ənənəsinə sadiq qalmayaraq, hərbi qarşıdurma zamanı liderlərlə telefon danışığı etmədi, tərəfləri sülhə çağırmağa tələsmədi. Məqsəd Qərbin diktəsini son dövrlər qabarıq hiss etdiyi Paşinyanı “taleyi ilə baş-başa qoymaq” idi. Putin həm də Paşinyanı inandırmağa çalışdı ki, sərhəd məsələsi Qarabağ məsələsi demək deyil. Təsadüfi deyil ki, Paşinyan Rusiya Müdafiə Nazirliyinin Azərbaycan-Ermənistan sərhədində demarkasiya-delimitasiya prosesinin hazırıq mərhələsinə keçməsi ilə bağlı təklifinə razı olduqlarını açıqladı. Üçüncü, ən başlıca avantaj isə Rusiyanın bu təxribatlardan sonra bölgədə sülhməramlılarının sayının artırılması ilə bağlı təklifi gündəmə gətirməsi oldu”.
Anar Əsədli qeyd edib ki, bu suverenliyimiz baxımından çox həssas məqamdır və Azərbaycan heç bir şəkildə öz dövləti ərazisində rus hərbi bazasının genişlənməsinə imkan verməməli, əksinə strateji xətt yürüdərək bu qüvvələrin 5 ildən daha tez müddətdə ölkədən çıxarılmasını təmin etməlidir:
“Ermənistan Rusiyanın forpostudur. Kreml İrəvanın Moskvanın diktəsinə boyun olmadığı görüntüsünü yaratsa da, sadə məntiq yetərlidir ki, bunu sadəcə blöf olduğunu anlayasan. Rusiya kimi ABŞ-la baş-başa gələn dövlət vassalı olan Ermənistana güc göstərə bilmir? Güc göstərmək işinə yaramır. Rusiyanın tək məqsədi bölgədə qalmaq, bunun üçün isə tərəflər arasında daimi sülhün yaranmasına və münaqişənin tamamilə aradan qalxmasına mane olmaqdır. 200 illik imperializm siyasətini bugün Rusiya sülhməramlı adı altında fərqli məcrada davam etdirir. Bu hiylələrə qəti şəkildə uymaq olmaz. Əksinə fürsətdən istifadə edib Türkiyə hərbi bazasının sərhəddə möhkəmlənməsini israrla tələb etmək lazımdır. Əks halda Moskva suverenliyimizə hələ çox təhdidlər törədəcək”.
//Gülnarə Abasova, Editor.az

