İSTİQAMƏT:6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;
“COP29-un müəyyənləşdirdiyi hədəflərdən başlıcası qlobal ekoloji savaşın maliyyələşdirilməsidir. Ancaq yaşıl enerjiyə keçid də əsas hədəflər sırasındadır. Bu isə təbii olaraq maliyyə resursları tələb edir”.
Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Vüqar Bayramov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un bu il Azərbaycanda keçirilməsi ilə bağlı suallarımızı cavablandırarkən deyib.
Deputat COP-29un əsas mövzularından olan ölkədə yaşıl enerjiyə keçidlə bağlı bir sıra məsələlərə də toxunub:
” Yaşıl Kənd Təsərrüfatı yaşıl enerjidən daha çox istifadə olunması və kənd təsərrüfatı məhsullarının bazara çıxışının elektrik avtomobillər, digər texnika vasitəsi ilə daşınmasını özündə ehtiva edir. Yaşıl Kənd Təsərrüfatı bir tərəfdən kənd təsərrüfatı məhsullarının istehsalının məhz yaşıl enerji və iqtisadiyyat prinsiplərinə uyğun olaraq həyata keçirilməsi deməkdir. Bu eyni zamanda, ətraf mühitin qorunması, ekoloji məsələlərlə bağlı aqrar sektorun rolunun artırılmasına gətirib çıxaracaq. Bu baxımdan Azərbaycan praktik olaraq yaşıl iqtisadiyyatın prinsiplərini fərqli sektorlarda tətbiq etməyə başlayıb. Bu baxımdan aqrar sektorda da bu istiqamətdə keçidin reallaşması nəzərdə tutulur. Sözsüz ki, burada dəstək, təşviq proqramları çox önəmlidir. Yaşıl enerjidən daha çox istifadə edən fermerlər üçün güzəştlərin müəyyənləşdirilməsi, subsidiya mexanizmi belə güzəştlərin təmin edilməsi Yaşıl Kənd Təsərrüfatına keçidi daha da sürətləndirmiş olar”.
İqtisadçı Natiq Cəfərli COP29-un maliyyə məsələləri ilə bağlı da bir sıra suallarımızı cavablandırıb:
“Prosesin maliyyə hissəsi donorlar tərəfindən, iştirakçı ölkələr tərəfindən həll olunmalıdır. Belə ki, COP29-da inkişaf etməkdə və kasıb ölkələrin maliyyə yardımı vasitəsilə ekoloji və iqlim dəyişikliyinə təsir edən problemlərinin həllinə çalışılacaq. Məsələn, bundan öncə COP28-də bu konteksdə təqribən bir neçə milyard dollarlıq vəsait toplandı. İndi də Azərbaycanda iştirakçı ölkələrin donorluğu ilə müəyyən məbləğdə maliyyə vəsaitinin İqlim Dəyişikliyi ilə Mübarizə Fonduna köçürülməsi planlaşdırılır”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.