“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır”.
Bu sözləri Editor.az-a Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi ilə bağlı danışarkən politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, 1990-cı il dekabrın 31-də Azərbaycan-İran sərhəddində insident baş verdi: “Yetmiş ildən çox ayrı qalan bir xalqın nümayəndələri birləşmək istəyi ilə Naxçıvanda Azərbaycan xalqı böyük bir şücaət göstərdi. Belə ki, Sovet dövlətinin dağılmasının təməlinin əsasını qoydular. Sərhədlər dağıdıldı, gənclərimiz şəhid oldu. Bütün bunlara baxmayaraq Azərbaycan geri çəkilmədi. Dövlətimizin hər zaman şücaət göstərən ən aktiv bölgələrindən biri olan Naxçıvan Azərbaycan siyasətinə liderlik etdi. Orada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası qoyuldu.
Ulu Öndər hələ o zaman bunu elan etmişdi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu məsələlər daha da gücləndirildi. Ölkənin milli təhlükəsizliyinin təmin edilməsinin əsasında Ulu Öndərin azərbaycançılıq ideyası dayanır. Bu ideya Azərbaycana çox şey qazandırdı. Məhz 2020-ci ildə də azərbaycançılıq ideyasının nə qədər əhəmiyyətli olduğunu bütün Azərbaycan olaraq bir daha anlamış olduq.
Nəzərə almaq lazımdır ki, bu il ilk dəfə olaraq bütöv Azərbaycan ərazisində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunacaq”.
//Səbinə Hüseynli, Editor.az

