“Azərbaycan beynəlxalq münasibətlər sistemində baş verən prosesləri yaxından izləyir və nəzarətdə saxlayır. Xüsusilə təhlükəsizlik məsələlərinə təbii olaraq son dərəcə ciddi yanaşır”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, Fransanın Ermənistanı yenidən silahlandırmasına ən gözəl reaksiyanı Prezident İlham Əliyev Şuşada keçirilən mediaforumda səsləndirib:
““Əgər görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransadan alınan silahlar kritik həddə çatır, bizdən inciməsinlər”. Dövlət Başçımız açıq tekstlə mesajlarını həm Ermənistana, həm də regionda gərginliyin saxlanmasında marağı olan Fransa kimi dövlətlərə çatdırdı. Fransanın əsas məqsədi, yaranmış şəraitdən istifadə etməklə bölgəyə soxulmaqdır. Söhbət Cənubi Qafqaz regionunda mövcudluğun, təsir imkanlarının saxlanılmasından gedir. Müharibədən sonra Fransanın davranışları qərəzliliyi ilə seçilmiş və provakativ xarakter daşımışdır. Müşahidələr göstərir ki, Ermənistanı yeni müharibəyə hazırlayırlar. Oksfordda keçirilən tədbirdə Paşinyanın cənab Prezident İlham Əliyevlə görüşdən qaçması göstərdi ki, Ermənistan sülhə hazır deyil.
Hal-hazırkı vəziyyətdə Ermənistanın müharibə aparmaq üçün nə iqtisadi, nə də ki, hərbi gücü yoxdur. Ancaq silahlanma intensiv şəkildə davam edərsə, gələcəkdə yeni müharibə ehtimalı var”.
//Gülnarə Abasova, Editor.az

