Editor.az politoloq Sədrəddin Soltanla müsahibəsini təqdim edir:
– Sədrəddin bəy, Qarabağda antiterror əməliyyatı davam etdiyi bir vaxtda İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Qafqazda baş verən son hadisələrdən narahat olduqlarını bildirib və qeyd edib ki, biz Qarabağı Azərbaycan ərazisi kimi görürük, proses dialoq yolu ilə həll edilməlidir. Tək İran deyil, bir neçə ölkənin eləcə də ABŞ-ın dialoq çağırışları etməkdə məqsədləri nədir?
-Bu, çağırış cəfəngdir. Tərəf deyildikdə nə nəzərdə tutulduğu açıqlanmır. Söhbət hansısa tərəfdən getmir. Torpaqlarımızda məskunlaşmış qeyri-qanuni separatçılar suverenliyimizə qarşı fəaliyyət göstərirlər. Azərbaycan da bu qanunsuz birləşmələrə qarşı əməliyyat tədbiri həyata keçirtdi. Digər tərəfdən İran, ABŞ, Almaniya, Rusiya və s. Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Bu məntiqlə Azərbaycanın öz torpaqlarında məskunlaşmış qeyri-qanuni birləşmələrə qarşı həyata keçirdiyi fəaliyyətə guya sülhsevər reaksiya verməsi məntiqsiz və gülüncdür. Analoji hadisələr keçmiş postsovet məkanında həyata keçirilir.Məsələn, Ukraynada müharibəsində rəsmi Kiyevə öz ərazilərini müdafiə etməsi üçün hərbi dəstəklər verildiyi halda nə üçün Azərbaycanın öz ərazilərində həyata keçirdiyi tədbirlər digər ölkələri qıcıqlandırır? Belə nəticə çıxır ki, qanunsuz birləşmələr, separatçılar həmin dövlətlər, qurumlar tərəfindən dəstəklənir. N.Kənanin bu açıqlaması İranın əvvəlki addımlarına sülhpərvər donu geyindirməkdən başqa birşey deyil. Bu bəyanat ermənilərin, separatçıların xeyirinə işləyir. Bu məsələdə bir tərəf var. O da Azərbaycan tərəfidir. İran ərazisində belə bir silahlı dəstə olsaydı, rəsmi Tehran buna necə reaksiya verəcəkdi? İstənilən ölkənin ərazisində bu kimi hal baş versəydi, bunun qarşısı alınardı. Azərbaycan da bütün beynəlxalq normalara uyğun olaraq bu addımı atıb.
– Hələ bir neçə gün öncə, İran rəsmisi Şəhriyar Heydəri regionda gərginlik davam edərsə, hərbi əməliyyata qoşula biləcəkləri ilə bağlı açıqlama vermişdi. Bu dərəcədə real görünürdü?
-İranın Azərbaycan ərazisinə soxulması iddiası, düşüncəsi yanlışdır. İran belə bir addım atarsa, bu, Azərbaycan qarşı müharibə elan etmək kimi qiymətləndirilər. Bu yanaşma İranın regiondakı proseslərə gülünc və yersiz müdaxiləsinin göstəricisidir.
– Son olaraq lokal antiterror əməliyyatının genişmiqyaslı hərbi əməliyyata keçib-keçməyəcəyi ilə bağlı suallar yaranırdı. Sizcə bu hal hansı vəziyyətdə baş tuta bilərdi?
-Genişmiqyaslı hərbi əməliyyata keçməsi üçün Ermənistanın Azərbaycan ərazisinə müdaxilə etməsi yaxud separatçılara region dövlətlərinin hər hansı ərbi dəstəyi və s. verməsi nəticəsində baş verə bilərdi. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə müraciət edib ki, Ermənistan Qarabağdakı hərbi birləşmələri çıxartsın. Çünki bu 2020-ci il 10 noyabr bəyanatının müddəalarına ziddir. Lakin bu öhdəlik yerinə yetirilmədiyi üçün Azərbaycan antiterror əməliyyatına başladı.
//Safura Bənnayeva, Editor.az

