Almaniyada yaşayan həkim : ”Bu informasiyalardan təşvişə düşməmək lazımdır”backend

Almaniyada yaşayan həkim : ”Bu informasiyalardan təşvişə düşməmək lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

‘’Bir çoxları Sinovac-ın CoronaVac peyvəndinin bütün ölkələrdə aparılan 3-cü faza tədqiqatlarının ən son nəticələrinin artıq çap edildiyini söyləyir, amma bu doğru fikir deyil’’.  Bu sözləri, Editor.az-a açıqlamasında Almaniya- Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri,   Köln Universiteti Klinikasının tibb elmlər doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Tibb elmləri doktoru bildirib ki, elmi tədqiqat şəklində hələ 2-ci fazanın bir tədqiqatının nəticəsi çap edilmişdir. Amma buna baxmayaraq, media üzərindən peyvəndin 3-cü faza tədqiqatının müəyyən nəticələri açıqlanıb: ‘’Burada fərqli rəqəmlər qeyd edilsə də, mən insanlarımıza səslənərək bildirmək istəyirəm ki, bu rəqəmlər fərqli ölkələrdə aparılan tədqiqatların nəticələridir və bunların fərqli olduğunu görüb bu peyvəndə şübhə ilə yanaşmaq doğru deyil. Məsələn, Türkiyədə aparılan tədqiqatda peyvəndin 91,25% effektivliyi rəsmi söylənilir, digər ölkələrdə aparılan tədqiqatlarda isə 50% dən yuxarı və bəzən 78%-ə yaxın effektivlik bildirilir. Amma bu xəbərlər Avropa mətbuatında sadəcə 50% effektivdir deyilərək keçilir, bu da düşünürəm ki, informasiya mübarizəsi çərçivəsində müəyyən strateji addımlardır. Bu kimi informasiyalardan təşvişə düşməmək lazımdır və hər kəs bilməlidir ki, 3-cü fazanın son nəticələri mütləq olaraq elmi tədqiqat şəklində dərc olunacaq və bizlər bunu görəcəyik’’.

Nuran Abdullayevin sözlərinə görə, CoronaVac peyvəndi də Çin istehsalı olan və bir neçə ölkələrdə artıq istifadə olunan Sinopharm-ın Vero peyvəndi kimi inaktiv SARS-CoV-2-dən hazırlanır. İnaktivləşməsində əsasən beta-Propiolaktondan və vaksinin təsir gücünü artırmaq üçün isə Aluminiumhidroksiddən istifadə olunduğu bildirilir: ‘’İnaktiv peyvəndlər ümumiyyətlə, tibbdə uğur qazanmış peyvəndlər qrupuna daxildir, ona görə bu dəfə də uğur qazanacağı istisna deyil. Sadəcə Avropa və Amerikada bu üsulla peyvəndin hazırlanmamasının səbəblərdən biri bu peyvəndin allergik reaksiya verə bilmə ehtimalı idi. Amma istehsalçı şirkət bugünə qədər olan tədqiqatlarda allergik reaksiyanın gözlənilən kimi olmadığını sübut edə bilib’’.

N.Abdullayev vurğulayıb ki, bu peyvəndin gen texnologiyası ilə hazırlanan peyvəndlərdən üstünlüklərindən biri də qısa zaman müddətində təsir edə bilmə gücüdür. Digər tərəfdən də gözləniləndir ki, inaktivləşdirmə müəyyən antigenlərdə dəyişiklik edə bilsin və bəzi anticisimlər virusu tanımaqda çətinlik çəksinlər.Bütün bunlara baxmayaraq,  inaktivləşmiş viruslarla bugünə qədər aparılan elmi tədqiqatların söylənən rəsmi nəticələrinə baxsaq görərik ki, kifayət qədər uğurlu rəqəmlər səslənir və bunlar çap ediləcək tədqiqatın nəticəsində də bir daha yer alarsa, bu böyük bir uğur deməkdir : ‘’ Buraya məsələn, Sinopharm-ın da 3-cü faza nəticələrini aid etmək olar. Yanvar ayında rəsmi söylənən rəqəm 86% bildirilmişdir və xəstəliyin ağır formasının qarşısını 100% ala bilir. CoronaVac haqqında isə tibbi müalicə tələb edən xəstəliyin peyvəndin ikinci dozasından sonra 83,7 % az rast gəlindiyi və ölüm hallarının, eləcə də xəstəxanada müalicə alacaq səviyyədə olan xəstəliyin ağır formasının qarşısı 100% alınır deyə rəsmi olaraq bildirilib. Bir daha vurğulayıram ki, bu deyilənlər həm də rəsmi çap olunan tədqiqatda yer alarsa, bu böyük bir uğur sayıla bilər’’.

 

‘’Bugünə qədər bütün peyvəndlərin ehtiyat edilməli yan təsirləri barədə danışılarkən daha çox diqqət allergik reaksiyalara verilir ki, bu diqqətin inaktiv peyvəndlərdə də göstərilməsi vacibdir. Daha öncədən allergik reaksiyalarla rastlaşan şəxslər peyvəndi aldıqdan sonra mütləq bir neçə saat həkim nəzarətində olmalıdır’’- deyə azərbaycanlı alim əlavə edib.

 

Gülnarə Abbasova

Editor.az