Bu kriz bütün dünya iqtisadiyyatını alt-üst edə bilər-ŞƏRHbackend

Bu kriz bütün dünya iqtisadiyyatını alt-üst edə bilər-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Donald Trampın “Amerikanın qurtuluşu” deyə başlatdığı bütün dünya ölkələrinə, hətta insan yaşamayan, pinqivinlərin yaşadığı Heard və McDonald adalarına belə tətbiq etdiyi gömrük rüsumlarının artırılması addımı dünya iqtisadiyyatını təlatümə gətirib. Bu, eyni zamanda, özü ilə siyasi krizləri də tətikləyib.Trampın ABŞ-ın Çinə 34 faizlik gömrük rüsumu tətbiq etdiyini açıqladıqdan sonra, hansı ki, bu, bütün ölkələr daxil ABŞ-a tətbiq edilən gömrük rüsumlarının yarısıdır, Çin də ABŞ-a qarşı eyni addımı atıb. Amma Tramp Çinə 9-na kimi vaxt verib. Əgər Çin bunu ləğv etməsə onlara əlavə olaraq 50 faiz də gömrük rüsumu tətbiq edəcəyini bəyan edib”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.

O bildirib ki, ABŞ və Çin arasında ticarət krizi böyüyür:

“Bu krizin bütün dünya iqtisadiyyatını alt-üst etmə ehtimalı böyükdür. Avropa isə həmişəki kimi ABŞ-a qarşı münasibətdə ehtiyatlı davranır. İlk növbədə ona görə ki, ABŞ və Avropa arasında gərginlik olsa da münasibətlər hələlik qırılma nöqtəsinə çatmayıb. Avropa liderləri durumun yoluna düşə biləcəyi ehtimalı səbəbindən ehtiyatlı davranırlar. Amma, təbii olaraq artıq hər şeyin əvvəlki kimi olmayacağını da yaxşı başa düşürlər və buna görə də həm iqtisadi, həm də təhlükəsizlik sahəsində tədbirlər görməyə başlayırlar. Ümumdaxili məhsulun tərkibində hərbi xərcləri 2 faizə və daha çox artırmağı planlayırlar. Bəziləri də artıq buna başlayıb”.

A.Qasımov bildirib ki, ABŞ və Avropa tədricən bir-birindən uzaqlaşır:

“Avropanın ABŞ-dan asılılığı əsasən enerji daşıyıcıları olmaqla yanaşı, hərbi texnikadır. Digər məhsulların əsas hissəsi Çindən alınır. Rusiya ilə münasibətlər hələlik böyük ölçüdə dondurulub. Avropanın isə ABŞ-la münasibətləri əsasən müasir texnologiya sahəsindədir. Bunun əsas mahiyyətini ABŞ şirkətlərinin, xüsusən də, internet üzərindən Google və s. kimi şirkətlərlə məlumat mübadiləsi təşkil edir. Avropanın ABŞ-a ixracatının idxala nisbəti az faizdir. Avropa ABŞ-a nisbətdə texnoloji qiqantların yoxluğu baxımından geri qalır. Bu baxımdan Avropa müəyyən mənada arxayındır ki, onlar ABŞ-dan əsasən məhsul alırlar, az ixrac edirlər. Bu da tətbiq edilən gömrük rüsumlarının artırılması baxımından ciddi qorxu yaratmır. Amma hər bir halda Avropa üçün tətbiq edilən 20 faizlik gömrük rüsumu həddən artıq çoxdur”.

//Gülnarə Abasova, Editor.az