“Bu məsələ Rusiya ilə Türkiyə arasında hansısa ciddi gərginlik yaratmayacaq”- Oqtay Qasımovbackend

“Bu məsələ Rusiya ilə Türkiyə arasında hansısa ciddi gərginlik yaratmayacaq”- Oqtay Qasımov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə-Rusiya münasibətləri son 20 ildə inkişaf edən xətt üzrə yüksəlir. Hər iki ölkənin bir çox məsələlərdə mövqeləri üst-üstə düşsə də bəzi məsələlərdə fikir ayrılıqları qalmaqdadır. Bunlardan biri də gündəmdə olan Suriya məsələsidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə prezidentləri arasındakı münasibətlər qarşılıqlı etimad və hörmətə dayanır:

“Hər iki lider verdiyi sözü tutan və imzalarına hörmət edən olduğundan bütün məsələlər üzrə müzakirə etmək imkanları genişdir. Unikal olan məsələ ondan ibarətdir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bir çox məsələlər müzakirə edilib razılığa gəlir və fikir ayrılıqları yaradan məsələləri isə sonrakı mərhələyə saxlamaqla əməkdaşlığın gücləndirilməsinə yönəlirlər. Bu səbəbdəndir ki, keçən il Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 70 milyard dollara çatdı. Türkiyə Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmadan Ukrayna ərazi bütövlüyünü dəstəkləyir və unikal bir mövqe nümayiş etdirir. İki ölkə arasında bu ilki ticarət dövriyyəsi 55 milyard dollar dəyərinə çatıb. Türkiyə Rusiya üçün vazgeçilməz bir ölkədir. Moskvanın beynəlxalq izolyasiyadan çıxmasında Ankaranın payı böyükdür. Bu səbəbdən də fikir ayrılıqlarının olduğu bu və ya digər məsələlər müzakirə ediləcək formatda müzakirə edilir, razılaşdırılmayan məsələlər isə sonrakı mərhələyə saxlanılır. Bu baxımdan da Suriya məsələsi də iki ölkə arasında hələ ki fikir ayrılığı yaradan məsələlər sırasındadır. Hesab etmirəm ki, Suriyadakı vəziyyətdən dolayı Rusiya ilə Türkiyə arasında hansısa ciddi gərginlik yaranacaq. Əslində bir müddət öncə Türkiyə Suriyanın İdlib ərazisində əməliyyat keçirdikdə də müəyyən fikir ayrılıqları dərin idi. Suriya məsələsi ilə bağlı proseslər Türkiyə, Rusiya və İran arasında baş tutan Astana anlaşması formatında davam edir. Bu baxımdan Suriya məsələsində də tərəflər bir-birinin maraqlarını nəzərə almaqla hərəkət edəcək və bu da əməkdaşlığın inkişafına hesablanır. Yaxın müddətdə isə bu məsələ ilə bağlı iki ölkə arasında ciddi gərginliyin olacağı görünmür”.

//Gülnarə Abasova, Editor.az