“Bəşər Əsədin Moskvaya getməsi Suriya ilə Rusiya arasındakı əlaqələrdən kənar təsəvvür edilə bilməz. Türkiyə onsuz da Suriyada Əsəd hakimiyyətdə olduğu dövrdə də Rusiya ilə eyni maraq və mövqeləri bölüşmürdü. Hər zaman Suriyadakı məsələdə mövqe fərqləri açıq-aydın müşahidə edilirdi”.
Bunu Editor.az-a siyasi analitik Tural İsmayılov eks-prezident Bəşər Əsədin Rusiyaya sığınmasının Türkiyə ilə münasibətləri gərginləşdirəcəyinə dair fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, təkcə Suriya deyil, dünyadakı bir çox coğrafiyalarda Rusiya ilə Türkiyənin yanaşmasında çox böyük fərqlər mövcuddur:
“Bu fərqlər də fərqli coğrafiyalarda özünü dəfələrlə göstərib. Ancaq unutmayaq ki, bu mövqe fərqlilikləri hansısa bir formada əsla qarşıdurma və geopolitik toqquşmalara səbəb olmayıb. Ona görə də Rusiya Suriya məsələsindəki mövqeyinə və ya Bəşər Əsədə Moskvada yer verməyinə görə Türkiyə ilə münasibətləri korlaşdırmayacaq. Eyni zamanda, Türkiyə hakimiyyəti də bütün bu məsələlərə görə Rusiya ilə hansısa dərin uçurumlara daxil olmayacaq. Bir daha qeyd edirəm ki, Bəşər Əsədin Suriyada hakimiyyətdən devrilməsi təqdirdə gedəcək ölkələrdən birinin Rusiya olduğunu Türkiyə də əvvəldən bilirdi. Bu ssenariyə də Türkiyə rəhbərliyinin öncədən hazır olduğunu düşünülür”.
//Gülnarə Abasova, Editor.az

