“Bu məsələdə hər kəs bitərəfliyini qorusa, Azərbaycan Ordusu…” – Professorbackend

“Bu məsələdə hər kəs bitərəfliyini qorusa, Azərbaycan Ordusu…” – Professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın hərbi imkanları post-sovet məkanında Rusiyadan sonra ən güclü orduya sahib olduğunu deməyə əsas verir. Hesab edirəm ki, Azərbaycan Ordusu Cənubi Qafqazda da ən güclü ordudur və bunu son hərbi əməliyyatları ilə sübuta yetirir.

Bu sözləri Teleqraf.com-a Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayıl deyib.

Onun fikrincə, Azərbaycan Ordusunun potensialını, imkanlarını və gücü ilə paralel olaraq ruh yüksəkliyini də yaddan çıxarmaq olmaz:

“Hərbi imkanların olması, ruh yüksəkliyinin mövcudluğu vacib elementlərdir. Erməni tərəfi mülki obyektlərə hücum edir, Gəncə və digər şəhərlərdə mülki əhaliyə qarşı cinayətlər törədir. Mənə görə, bu fakt xaricdə təbliğat baxımdan xüsusi əhəmiyyətə malikdir. Erməni tərəfinin belə vandal addımlarını dünyaya yaymaq, onların kim olduğunu göstərmək vacibdir. Ölkə daxilində isə qəhraman Azərbaycan əsgərinin şücaəti təbliğ olunmalıdır. Biz anlamalıyıq ki, torpaq işğal altındadır. Biz bədəl ödəmədən bu torpaqları əldə edə bilmərik”.

Professor qeyd edib ki, əgər kənardan Azərbaycana təzyiq edilməsə, eləcə də Ermənistana dəstək verilməsə, Azərbaycan Qarabağ məsələsini tez bir zamanda həll edə bilər:

“Mən ilk gündən qeyd etmişəm ki, əgər hər kəs bu məsələdə bitərəfliyini qorusa, Azərbaycan Ordusu Qarabağ problemini kökündən həll edə bilər”.

Toğrul İsmayıl bildirib ki, Azərbaycan Vətən müharibəsi aparır və hər kəs əlindən gələni etməlidir:

“Kiçik millət və ya dövlət anlayışını yaxına buraxmaq olmaz. Azərbaycan xalqı böyük xalqdır.

Yeri gəlmişkən, qeyd edim ki, Orta Asiyada olan insanlar bu məsələdə Azərbaycana dəstək verir, xalqımızın yanındadırlar. Mən bunu Orta Asiyadan olan insanlarla təmaslarım zamanı açıq hiss edirəm. Əlbəttə, hakimiyyətlər mövqelərini diplomatik şəkildə ifadə edirlər. Amma xalqlar bu məsələdə millətimizi dəstəkləyirlər”.

Sonda Toğrul İsmayıl deyib ki, Qarabağ münaqişəsində beynəlxalq hüquq Azərbaycanın yanındadır:

“Bu da önəmli məsələdir. Yəni Azərbaycan bu məsələdə haqlı tərəfdir”.