“Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun açıqlaması müəyyən qeyri-dəqiq məqamlara malikdir. Belə ki, Qərb ölkələri Rusiyanı yalnız Azərbaycanın Qarabağ iqtisadi regionundan deyil, ümumiyyətlə, Cənubi Qafqazdan sıxışdırıb çıxartmağa çalışırlar. Qarabağ ətrafında sabitliyin pozulmasına yönəlik cəhdlər barədə deyilənlər də bir qədər anlaşılmazdır. Çünki Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli Kremlin mətbuat katibi Dmitri Peskovun bəzi Qərb dövlətlərinin Qarabağ ətrafında sabitliyi pozmağa çalışması ilə bağlı fikirlərini şərh edərkən deyib.

Analitik bildirib ki, rəsmi Bakı artıq bu regionda olan erməni separatizmi və terrorizmi ilə bağlı “boz zona”nı birdəfəlik ləğv edib:
” Azərbaycan Qarabağ regionu üzərində öz suveren hüquqlarını bərpa etməyə nail olub. Yəni, Qərb ölkələri bundan sonra Qarabağ regionu ətrafında sabitliyi pozmaq imkanına malik deyillər. Rusiya sülhməramlı qüvvələrinin Qarabağ regionundan çıxarılmasının da Qərb ölkələrinə heç bir hüquqi-siyasi aidiyyatı yoxdur. Bu məsələnin həlli yalnız birbaşa rəsmi Bakının siyasi iradəsinə bağlıdır. Böyük ehtimalla rus sülhməramlı qüvvələri tezliklə Qarabağ regionunu tərk etməli olacaqlar. Bu barədə qərarı isə Qərb ölkələri deyil, məhz rəsmi Bakı verəcək. Kremlin bu məsələni Rusiya və Qərb arasında regional rəqabətin predmetinə çevirmək cəhdləri mənasız və məntiqsizdir. Çünki Qarabağla bağlı bütün qərarların verilməsi hüququ məhz rəsmi Bakıya aiddir”.
//Gülnarə Abasova, Editor.az

