“Bu mühüm məqam növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edir”-Fərid Şahbazlıbackend

“Bu mühüm məqam növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edir”-Fərid Şahbazlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Azərbaycan Partiyasından olan deputatların qarşıdan gələn parlament seçkilərinin vaxtının irəli çəkilməsi ilə bağlı təşəbbüslə çıxış etməsini zəruri edən bir sıra mühüm məqamlar var.
Noyabr ayında Azərbaycanda dünya miqyaslı möhtəşəm bir tədbir – BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcək. Bu tədbirin və parlament seçkiləri kimi digər məsuliyyətli bir siyasi hadisənin eyni vaxta təsadüf etməsi bir sıra çətinliklər yarada bilər ki, bu da parlament seçkilərinin vaxtının bir qədər irəli çəkilməsini qaçılmaz edir”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.Onun sözlərinə görə, ölkəmizin əldə etdiyi tarixi Qarabağ zəfəri Cənubi Qafqaz coğrafiyasında yeni siyasi reallıqlar yaratdığı kimi, Azərbaycan siyasi mühitinə də yeni nəfəs, yeni çağırışlar gətirib: “Bu gün Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinə adekvat olan, onu tamamlayan, beynəlxalq qurumlarda ölkəni layiqincə təmsil edə bilən millət vəkillərindən ibarət güclü və çevik bir parlament – qanunverici orqana ehtiyac var. Hazırda dünyada baş verən siyasi proseslər, ildırım sürətilə cərəyan edən hadisələr, eləcə də ölkəmizin regional və qlobal maraqları da bunu tələb edir.

Bu baxımdan COP29-un keçirildiyi günlərdə bütün ərazisi üzərində dövlət suverenliyini tam bərpa edən Azərbaycan Respublikasının yeni tərkib və ruhla fəaliyyət göstərən parlamentin olması həm siyasi, həm də mənəvi-psixoloji baxımdan olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, məhz həmin parlamentdə işğaldan azad olunmuş bölgələrimizdən, orada real olaraq yaşayan insanlar tərəfindən seçilən millət vəkilləri təmsil olunacaqlar. Bu mühüm məqam növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini bir daha təsdiqləyir”.

F.Şahbazlı bildirib ki, çevik və müasir beynəlxalq münasibətlər sistemində fəaliyyət göstərə bilən millət vəkillərindən formalaşacaq yeni ali qanunverici orqan həm də COP29-un ən mühüm tədbirlərindən biri olan Parlament Konfransının keyfiyyətli formada təşkili baxımından da çox əhəmiyyətlidir. O bildirib ki, bu konfrasın təşkili ilə bağlı Milli Məclislə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb: “Bu iclasa hazırlıq məqsədi ilə Milli Məclisdə deputatlardan ibarət işçi qrupları yaradılmalı və Parlament konfransının yekun sənədi hazırlanmalıdır. Bu isə olduqca uzun, çətin və məsuliyyətli prosesdir. Bu baxımından çevik və müasir çağırışlara cavab verəcək Milli Məclisinin yeni heyətinin COP29 sessiyasına qədər formalaşması ciddi əhəmiyyət kəsb edir”.

//Editor.az