“Pentaqonun məxfi sənədlərinin sızdırılması faktı və bu faktların dünya üçün həlledici bir məqamda ortalığa çıxmasının təsadüfi olmadığı qənaəti hasil olur. Digər sızdırılan məlumatlar kimi İranın Qafqazda maraqları ilə əlaqəli məlumatların da məqsədli olduğu aydındır. İranın Qafqazda maraqlarının nə olduğu hamıya bəllidir. Bunları Pentaqonsuz da Rusiya da bilir, Azərbaycan da, digər Qafqaz ölkələri də…”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
A.Qasımov bildirib ki, ABŞ sənədləri sızdırmaqda Moskva-Tehran xəttində Ukrayna müharibəsi ilə əlaqəli yaranmış əməkdaşlığa gərginlik gətirmək məqsədi güdür. Onun sözlərinə görə, Vaşinqton İranın Qafqazdakı fəaliyyəti səbəbindən Rusiya ilə qarşıdurma həddində olduğunu göstərməyə çalışır və bu münasibətlərin detallarını bildirir:
“Əslində detallar doğru ola bilər. İran-Rusiya münasibətləri o qədər də gərgin deyil. Bu münasibətlər həmişə razılaşdırılmış şəkildə davam edib. İran Rusiyanın həmişə tərəfdaşı olub. Tehran Qafqazda hansısa aktivlik göstərirsə, bu, Moskvanın razılığı ilə baş tutur. İstər Gürcüstanda, istərsə də Ermənistan və ya Azərbaycanda. Rusiya İran üçün və ya əksinə İran Rusiya üçün bir medalın iki tərəfidir. Onların fəaliyyəti regionu həmişə nəzarətdə saxlamaq istiqamətində olub. Birinin açıq edə bilmədiyini digəri edib. Ölkələrdən biri kontroldan çıxmaq istəyəndə öz təsir rıçaqlarını işə salıb onu birlikdə fikrindən daşındırmağa çalışıblar”.
//Gülnarə Abasova, Editor.az