“Bu, nə İranı, nə də digər ölkələri qıcıqlandırmalıdır”-Millət vəkili ŞƏRH EDİRbackend

“Bu, nə İranı, nə də digər ölkələri qıcıqlandırmalıdır”-Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və İsrail əlaqələri tarixə söykənir. İki ölkə arasında münasibətlər nümunəvi və ən yüksək səviyyədədir. İsrail prezidenti İsxak Hersoqun ölkəmizə səfəri bir daha bu əlaqələrin hansı səviyyədə olduğunu göstərdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, İsrail Prezidentinin rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni pilləsindən xəbər verir:

“Hər iki ölkə öz gələcək perspektiv siyasətlərində nələri nəzərə alacaqlarını aydınlaşdırmış oldular. Ölkələr arasında ticari əlaqələrə nəzər salsaq, 1 milyard 700 milyon dollar ticarət dövriyyəmiz var. Hər iki ölkə başçısı bildirdi ki, bununla kifayətlənmək olmaz, potensialımız çoxdur. İsrail dünyada kənd təsərrüfatı inkişaf edən ən qabaqcıl ölkələrdən biridir. Biz bu sahədə həmin təcrübədən yararlanırıq. Gələcək illərdə də bu sahədəki əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Digər məsələ isə hərbi-sənaye komplekslərinin inkişafıdır. Azərbaycanın İsrail hərbi sənayesinə çıxışı var. Bu həm silahların modernləşdirilməsi, həm də yeni silahlarla arsenalımızın artırılıması istiqamətində olduqca əhəmiyyətlidir. İsrail həmin sahədə də ölkəmizin yanındadır.
Hər iki tərəfin turizm ehtiyatları kifayət qədər yüksəkdir. Prezident İlham Əliyev də bununla bağlı qeyd etdi ki, həftədə 4 dəfə olan təyyarə reyslərinin sayı artırılmalıdır”.

Deputatın sözlərinə görə, ölkəmizdə uzun illərdir ki, çox güclü yəhudi icması fəaliyyət göstərir:

“Dünyada yəhudi icmalarının ən nümunəvisi Azərbaycandadır. Bu fikri İsrail prezidenti də təsdiqlədi. Bu bir daha vətəndaşlarımızın necə tolerant, multikultural dəyərlərə hörmət ruhunda yaşamasının əyani sübutudur”.

Vüqar İskəndərov qeyd edib ki, iki ölkə prezidentləri arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə Azərbaycan-İran, İsrail-İran əlaqələri də müzakirə olundu:

“İsraildə ölkə səfirliyimizin fəaliyyət göstərməsi də artıq münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasına işarədir. Bu nə İranı, nə də digər ölkələri qıcıqlandırmalıdır. Biz müstəqil xarici siyasət həyata keçiririk. Uzun müddətdir ki, İsrail ilə əlaqələrimiz yüksək səviyyədədir, İranla da münasibətlərimiz müsbət məcrada qoruyub saxlamışdıq. Bütün faktorlar onu deməyə əsas verir ki, Azərbaycan dost, strateji əlaqələrin qurulmasını özü müəyyənləşdirir. Bizim üçün milli, dövlət maraqlarımız əsasdır. Bu sahədə İsrail Azərbaycanla ən yaxın dost ölkələrdən biridir. Düşünürəm ki, bu kimi rəsmi səfərlər iki ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdıracaq”.

//Safura Bənnayeva, Editor.az