NATO xarici işlər nazirlərinin dekabrın 3-4-də Brüsseldə (Belçika) keçiriləcək iclasından əvvəl Ukraynanın Alyansa dəvəti altı üzv ölkə tərəfindən dəstəklənməyib.
Editor.az bildirir ki, bu barədə “Le Monde” mənbələrə istinadən yazıb. Bunlar Belçika, Macarıstan, Almaniya, İspaniya, ABŞ və Slovakiyadır. Fransa nəşri yazır ki, Fransa və Böyük Britaniya Ukraynanı müdafiə blokuna dəvət etməkdə israrlıdır. Səlahiyyətləri yanvarın sonunda başa çatan ABŞ prezidenti Co Bayden, yeni müddətə seçilən Ağ Evin rəhbəri Donald Tramp kimi Ukraynanın qəbulunun başlanmasına qarşı dəfələrlə çıxış edib.
Dekabrın 3-də səhər saatlarında Ukrayna Xarici İşlər Nazirliyi NATO xarici işlər nazirlərinin iki günlük iclasından əvvəl Ukraynanın NATO üzvlüyünü əvəz edən təhlükəsizlik zəmanətlərini qəbul etməyəcəyini açıqlayıb. “European Pravda”nın ixtiyarında olan bəyanatda deyilir ki, “Ukrayna üçün təhlükəsizliyin yeganə real təminatı, eləcə də Rusiyanın Ukraynaya və digər dövlətlərə qarşı təcavüzünün qarşısının alınması yalnız Ukraynanın NATO-ya tamhüquqlu üzv olmasından keçir. Bizim Budapeşt Memorandumunun acı təcrübəsi var; biz Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyünə heç bir alternativ, surroqat və ya əvəzediciləri qəbul etməyəcəyik.”
//Samir Qurbanov, Editor.az