“Brüsseldə keçirilən Şərq Tərəfdaşlığının 6-cı Zirvə görüşündə Şərq Tərəfdaşlığı ölkələri Avropa İttifaqına üzv ölkələrin birgə bəyannaməsində iqtisadi amillərə diqqət yetirilməsi təbiidir. Çünki qonşuluq əlaqələrinin möhkəmləndirilməsi iqtisadi münasibətlərin, o cümlədən nəqliyyat əlaqələrinin gücləndirilməsini tələb edir. Bu baxımdan Zəngəzur dəhlizinin də açılması nəinki qonşu ölkələr Avropa ölkələri üçün də çox faydalıdır”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizi vasitəsilə Avropa ölkələri məhsullarının Orta Asiya bazarlarına ixracı asanlaşacaq :
” Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, bu baxımdan Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsinə böyük önəm verir. Bu layihənin başa çatdırılmasında Avropa İttifaqının daimi dəstəyi hiss olunub və bu da İttifaqla əlaqələrin yaxşılaşdırılmasında başlıca amil kimi qiymətləndirilməlidir. Brüsseldə keçirilən bir çox görüşlərdə Azərbaycan Prezidentinə göstərilən diqqət, hörmət və dövlətimizin rəhbərinin çıxışlarında ifadə olunan fikirlər Azərbaycanla Aİ arasında möhkəmlənən əlaqələrdən, qarşılıqlı etimaddan xəbər verir. Yaxın günlərdə keçirilmiş üçtərəfli görüşlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin çıxışlarında, yaydığı bəyanatda Azərbaycan həqiqətləri bir daha öz ifadəsini tapdı və bununla da Avropa İttifaqı Azərbaycana dəstəyini nümayiş etdirdi. Bu, ölkəmizin dünyada artan beynəlxalq nüfuzundan və Azərbaycan Prezidentinin yeritdiyi düzgün siyasətdən qaynaqlanır. Hər bir Azərbaycan vətəndaşı qazanılan bu nailiyyətlərə görə qürur hissi keçirir.
//Gülnarə Abasova, Editor.az

