“Hər bir sanksiya və ya tətbiq edilən sanksiyaların müddətinin uzadılması Rusiyaya təsir edir. Rusiya iqtisadiyyatına, istehsal sahəsinə və hərbi-sənaye kompleksinə öz mənfi effektini göstərir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, bu sanksiyalar Rusiyaya bir çox məhdudiyyətlər yaradır:
“Xüsusilə də müasir texnologiyanın idxal olunması prosesi Rusiya üçün çox ağrılıdır. Bu gün hərbi-sənaye kompleksinin əksər istehsal sahələri dayanıb. Rusiyanın müharibə apardığı müddətdə onun gücünü zəiflədir. Rusiya da məcburiyyət qarşısında qalıb özündən qat-qat aşağı inkişaf etmiş ölkələrdən yəni Şimali Koreyadan silah-sursat idxal edir. Rusiyanın da müəyyən məhdudiyyətləri var. Tətbiq etdiyi bəzi məhdudiyyətlər çərçivəsində, xüsusilə də enerji daşıyıcılarındakı qiymət artımı Rusiyanın ən azından büdcəsini formalaşdırmaq üçün əlavə mənbələr yaradır. Məhz bu yollarla Rusiya bu gün büdcəsini müəyyən qədər təmin edə bilir. Avropa İttifaqı tərəfindən sanksiyaların müddətinin uzadılması Rusiya iqtisadiyyatına zərər verməkdə davam edəcək”.
Politoloq qeyd edir ki, Cənubi Qafqazda Rusiya ilə yanaşı, digər qüvvələr də var ki, xaos yaranmasını istəyirlər:
“Son Azərbaycan-Ermənistan cəbhəsində baş verən toqquşmaların arxasında duran, hətta bilavasitə sifariş verən dünya gücləri var. Əminliklə deyə bilərəm ki, bu güclər ABŞ və Fransadır. Sanki bu hadisələr əvvəlcədən planlaşdırılmış kimi dərhal həyata keçirildi. Ard-arda verilən bəyanatlar, Fransanın BMT-in Təhlükəsizlik Şurasında məsələni qaldırması kimi addımlar, eyni zamanda, müəyyən dezinformasiyaların dövriyyəyə buraxılması faktları da onu göstərir ki, bu əvvəlcədən hazırlanmış təxribatın tərkib hissələridir. Rusiya zəiflədikcə onun imperiya iddiaları da zəifləyəcək. Bunun da müəyyən mənada Cənubi Qafqaza təsiri olacaq. Bu gün Rusiya Cənubi Qafqaz ölkələri arasında yalnızca Ermənistanda öz hərbi varlığını davam etdirir. Çox təəssüf ki, 2020-ci il 10 noyabr sənədinə uyğun olaraq yenidən Rusiya qoşunları Azərbaycana qayıdıb, Qarabağda öz mövcudluğunu sürdürür. Bu arzuolunan situasiya deyil. Rusiya bu mövcudluğunu davam etdirib, inkişaf etdirmək istəyərdi, ancaq sanksiyaların davamlı olması Rusiyanın imkanlarını çox zəiflədir. Zəifləyən Rusiya digər Cənubi Qafqaz ölkələrini daha müstəqil addımlar atmağa sövq edir”.
Natiq Mirinin fikrincə, Rusiya inanırdı ki, özünün sınıq-salxaq ordusu ilə Ukraynanı tamamilə işğal edəcək:
“Ukraynada mövcud olan siyasi hakimiyyəti devirməklə idarə olunan kukla rejimi yaradacaq. Bununla da Ukrayna məsələsini həll etməklə NATO-nu çətin vəziyyətə qoyacaqlar. Bu Rusiya hərbi başçısı tərəfindən Rusiyanın hərbi imkanlarının düzgün qiymətləndirilməməsinin əsas nəticəsidir. Çünki ona verilən hesabatlarda elə şişirdilmiş rəqəmlər, fikirlər var ki, həqiqətən Vladimir Putin Rusiya ordusunun məğlubedilməzliyinə, möhtəşəmliyinə inanırdı. Buna görədə qısa müddət ərzində 50 milyonluq Ukraynanın çox rahatlıqla işğalını planlaşdırırdı. Ancaq fakt onu göstərdi ki, Rusiya ordusu həqiqətən də başı pozuq, plansız, sınıq-salxaq ordundan başqa birşey deyil. Eyni zamanda Rusiya silahlarının da dünya miqyasında müqayisə nöqteyi nəzərindən nə qədər zəif və qeyri-dəqiq olduğu ortaya çıxdı. Bu da neynəlxalq birliyin nəzərində Rusiyanın nüfuzuna ciddi zərər vurdu. Rusiya da anlamağa başladı ki, o artıq məğlub olur. Güclənmək üçün isə zamana ehtiyacı var. Buna görə də Rusiya Ukrayna ilə diplomatik danışıqlar aparmaq, masaya oturmaq və müəyyən dərəcədə vaxt qazanıb öz gücünü artırıb yenidən Ukraynaya hücum etmək fikrindədir. Ancaq bu zamanı Rusiyaya tanıyan yoxdur. Nə Ukrayna, nə də Qərb ölkələri bunu dəstəkləyir. Can verən Rusiyanın bu bataqlıqdan çıxmaq imkanı çox azdır. Ona görə də Rusiya etdiyi səhvlərin bədəlini ödəməyə başlayır. Bu proses hələ də davam edəcək, Rusiyanın imperiya cəhdləri uğursuzluqla nəticələnəcək”.
//Safura Bənnayeva, Editor.az

