“Bu qərar qəti şəkildə iki ölkə arasında münasibətləri zədələyə bilməz”-AÇIQLAMAbackend

“Bu qərar qəti şəkildə iki ölkə arasında münasibətləri zədələyə bilməz”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsveçin NATO-ya üzvlük məsələsində Türkiyə özünün növbəti diplomatik qələbəsini nümayiş etdirdi. Çünki beynəlxalq güclər ciddi cəhdlə çalışırdılar ki, Türkiyəni hansısa şərtlərlə razılaşdırsınlar və İsveç heç bir öhdəlik yerinə yetirmədən öz ərazisində Türkiyə əleyhinə fəaliyyət göstərən adamları yemləməklə həm də NATO üzvlüyünə razı salsın. Ancaq bu prosesdə qardaş ölkənin gücü, diplomatik uğuru növbəti dəfə özünü nümayiş etdirdi və rəsmi Ankara beynəlxalq birliyə göstərdi ki, heç kəs ona hansısa bir məsələdə diktə edə bilməz”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Onun sözlərinə görə, əgər İsveç həqiqətən NATO üzvü olmaq istəyirsə, Alyansın beynəlxalq standartlarına əməl etməlidir:

” Necə ki, bu gün ABŞ-a qarşı terrorçu çağırışlar edən şəxslər hansısa başqa NATO üzvü olan ölkədə fəaliyyət göstərə bilməz, eynilə də Türkiyə əleyhinə fəaliyyət göstərən PKK ünsürləri də İsveç ərazisində fəaliyyət göstərə-göstərə Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı razılığını alması mümkünsüz idi. Bu, ədalətsizlikdir. Hər bir halda Türkiyə öz şərtlərini diktə edərək razılıq vermiş oldu”.

Müsahibimiz sözügedən qərarın  Rusiya-Türkiyə münasibətlərinə təsiri ilə bağlı sualımızı da cavablandırdı:

“Qərar iki ölkə arasında münasibətlərə təsir edə bilməz. Çünki artıq Rusiya özü də bunu şərh etdi ki, bu, Türkiyənin suveren hüququdur. Hər bir halda Rusiya anlayır ki, Türkiyə bir NATO üzvü olaraq onunla ən yüksək səviyyədə münasibətləri davam etdirən ölkədir. Bu gün Türkiyənin Rusiya ilə olan əlaqələrə ehtiyacından çox, Rusiyanın Türkiyəyə ehtiyacı var. Hesab edirəm ki, bu qərar qəti şəkildə iki ölkə arasında münasibətləri zədələyə bilməz”.

//Gülnarə Abasova, Editor.az