“Bu qərar Rusiya ilə Yunanıstan münasibətlərinə xələl gətirə bilər”-AÇIQLAMAbackend

“Bu qərar Rusiya ilə Yunanıstan münasibətlərinə xələl gətirə bilər”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Federasiyası yaxın zamanlarda Şimali Kiprdə nümayəndəlik açmaq niyyətindədir. Bununla bağlı rəsmi Moskvanın Nikosiyadakı səfirliyi məlumat yayıb. Bunun da əsas funksiyası orada yaşayan 50 minə yaxın rus vətəndaşına xidmət etməkdir. Açılacaq qurum hər hansı səfirlik və ya konsulluq statusu daşımayacaq. Sadəcə nümayəndəlikdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib.


Onun sözlərinə görə, bu hal dünya praktikasında ilk addım deyil: “Şimali Kiprdə bu günə qədər ABŞ, Böyük Britaniya, Avstraliya kimi ölkələrin də öz ticari , mədəni və viza xidmətləri həyata keçirən nümayəndəlikləri mövcuddur. Sadəcə ölkələr Şimali Kiprdə səfirlik aça bilmirlər. Bununda səbəbi ondan ibarətdir ki, 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti yarandığı andan bu günə kimi Türkiyə istisna olmaqla heç bir dünya dövləti onu tanımayıb. Elə həmin il BMT TŞ-nın qəbul edilmiş 541 saylı qətnaməsi ilə ölkələri həmin respublikanı tanımamağa çağırmışdır. Azərbaycan da hələ Şimali Kipri tanımayıb “.

Politoloqun fikrincə, indiki zamanda rəsmi Moskvanın belə bir nümayəndəlik açması məsələni siyasiləşdirir: “Məlum olduğu kimi son illərdə Türkiyə -Rusiya münasibətləri xeyli inkişaf etmiş , hətta strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatmışdır. Bu da ondan irəli gəlir ki, həm Türkiyənin Rusiya ilə siyasi-ticari maraqları var, həm də Ukrayna müharibəsi səbəbindən sanksiyalarla üzləşən Rusiyanın Türkiyəyə hava, su qədər ehtiyacı vardır. Burada rəsmi Ankaranın tranzit potensialının da böyük əhəmiyyəti var. Rusiya Türkiyə vasitəsilə Cənub-Şərqi Avropaya öz qazını ixrac etməyə davam edir. Rusiyanın nümayəndəlik açması bu münasibətləri daha da inkişaf etdirəcək. Çünki Türkiyənin xarici siyasətinin ən başlıca prioritetlərindən biri də Şimali Kiprin tanınmasıdır. Lakin rəsmi Moskvanın bu addımı həmin ölkəni tanıyacağı anlamına gəlmir. Onu da qeyd edək ki, bu addım Rusiyanın bir çox ölkə ilə münasibətlərinə də xələl gətirə bilər. Bunların başında da Yunanıstan dayanır. Yunanıstan Şimali Kipri öz tərkib hissəsi kimi sayır”.

//Safura Bənnayeva, Editor.az