Fransa Parlamentinin aşağı palatası – Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib. Qətnaməyə 256 deputat lehinə səs verib.
Fransa ilk dəfə deyil ki, belə qətnamələr qəbul edir.
Məsələni Editor.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə qeyd edir ki, bu Fransanın Azərbaycana qarşı qəbul etdiyi 3-cü belə qətnamədir:
“Hələ İkinci Qarabağ müharibəsindən bir ay sonra “Dağlıq Qarabağın” müstəqilliyi barədə qətnamə qəbul etdilər. Ardınca da digər qətnaməni gündəmə gətirdilər. Fransa bununla Cənubi Qafqazda Ermənistanla koordinasiyalı fəaliyyət göstərərək bizə qarşı mövqe ortaya qoymaq istəyir. Bu prosesdə erməni lobbisini də rolu var. Bütün amillər iki dövlət arasında münasibətlərin geri dönüşü olmayan mərhələyə qədəm qoymasına gətirib çıxarır. Bunlar da Fransadan qaynaqlanır. Cənubi Qafqazda Ermənistanın güclənməsinə çalışırlar. Amma bu Fransa və Ermənistanın əleyhinə formalaşan prosesdir. Fransa bununla heçnəyə nail ola bilməyəcək, Cənubi Qafqazda geosiyasi mövqeləri zəifləyəcək, Azərbaycanla siyasi-iqtisadi əlaqələri də aşağı səviyyəyə enəcək. Bu qətnamələr Fransanının regiondan çıxması ilə nəticələnəcək”.
//Safura Bənnayeva, Editor.az

