“Bu rayonda Əziz Əzizovun razılığı olmadan bir daş daş üstə qoyula bilməz”backend

“Bu rayonda Əziz Əzizovun razılığı olmadan bir daş daş üstə qoyula bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayonunda qanunsuz tiklilər son illər baş alıb gedir.

Belə faktlardan birini də Mia.az-aşikayət məktubunda  Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsi 47/ 2 ünvanında yaşayan Cəfərova Sünbül Şükür qızı yazıb.

S.Cəfərova yazır ki, qonşuluğunda fərdi ev tikilir və ev sahibi nə qanuna, nə də ənənəyə uyğun davranır: “Həmin evin tikintisi, onun layihələndirilməsinə rəsmi icazə sərəncamı verilib-verilmədiyini dəqiq bilmirəm. Amma bu adam Suraxanının icra başçısı Əziz Əzizovun xeyir-duasını almadan belə tikinti apara bilməz. Sizə həmin tikintinin fotosunu göndərirəm, adam yuxarı mərtəbədən birbaşa həyətimə, evimə açılan pəncərə qoyur. Belə özbaşınalıq, qanunsuzluq olarmı?”.

Cəfərova deyir ki, bu məsələ ilə bağlı dəfələrlə şikayət etsə də, xeyri olmayıb: “32-ci Polis Bölməsinə qədər şikayət eləmişəm, amma nə sirdirsə, heç kim tədbir görmür. Ona görə buradan cənab Prezidentə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova səslənib kömək istəyirəm. Xahiş edirəm, araşdırılsın, görək müvafiq qurumlar bu evin sənədlərini yoxlayıbmı? Yoxlayıbsa, evin eskiz cizgilərində qonşunun az qala evinin içinə açılan pəncərəni görməyiblərmi? Görüblərsə, buna necə razılıq verilib? Yox, əgər evin sənədi qaydasında deyilsə, bunu Əziz Əzizov niyə görmür? Axı, hamı bilir ki, bu rayonda onun razılığı olmadan heç kim bir daşı yerindən tərpədə bilmir…”.

Məsələyə İH-nin mövqeyni də dinləməyə hazırıq.

***

Suraxanı Rayon İcra Hakimiyyətindən Mia.az-da yayımlanan şikayətə belə cavab göndərilib:

“Bildiririk ki, şikayət etdiyiniz tikinti ilə bağlı tərəfimizdən araşdırma aparılmış və vətəndaşın xüsusi mülkiyyətində olan və razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin inşası işlərinin aparıldığı aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, qaldırdığınız məsələnin həlli məqsədilə məhkəmə instansiyasına müraciət etməyiniz tövsiyə olunur”.

MİA.AZ