“Bu səbəblərdən Ermənistanın Rusiyanın siyasi təsirlərindən xilas olması mümkün deyil”- ŞƏRHbackend

“Bu səbəblərdən Ermənistanın Rusiyanın siyasi təsirlərindən xilas olması mümkün deyil”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Ermənistan daxilində ciddi siyasi hərc-mərclik hökm sürür. İrəvan hakimiyyətində əslində Rusiyadan üz döndərməklə bağlı fikir tamlığı mövcud deyil. Çünki ölkə Rusiya ilə nə qədər problemlər yaşasa da, iki ölkə arasında münasibətlərdə böyük çatlar müşahidə edilsə də faktiki olaraq Ermənistan iqtisadiyyatını Rusiyasız təsəvvür etmək mümkün deyil”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Qərb tərəfindən nə qədər vədlər verilsə də, Ermənistan iqtisadiyyatında Rusiyanı əvəz edəcək potensialı olsa da tam olaraq bundan istifadə etmir:

“Qərb dedikdə isə sadəcə Fransa mərkəzli sistem deyil, bütövlükdə Avropa və ABŞ siyasəti nəzərdə tutulur. Bu baxımdan Qərb anlayışı özü də vahid bir tamlığı ehtiva etmir. İstənilən halda isə bu gün Ermənistan-Rusiya münasibətlərindəki qopma və qırılmalar Ermənistanın özü üçün daha təhlükəlidir. Ancaq hər bir halda Gümrü şəhərində hələ də Rusiya hərbi bazası mövcuddur. Rusiya isə Ermənistan iqtisadiyyatında əzici üstünlüyə malikdir. Bütün bu tendensiyalar olduğu müddətdə də Ermənistanın istədiyi formada tam olaraq Rusiyanın siyasi təsirlərindən xilas olması qeyri-mümkün görünür. Eyni zamanda, bu gün Ermənistan konkret olaraq Avropa İttifaqına üzvlük məsələsinin də real olmadığını yaxşı anlayır və həmçinin bilir ki, ölkədə Rusiyanın bazası olduğu halda Aİ onu müşahidəçi qismində belə ora dəvət etməyəcək. Belə ki, Ermənistan hakimiyyəti indi xarici siyasət vektorunda rasional qərarlar ala bilməməyin acısını yaşayır”.

//Gülnarə Abasova, Editor.az