“Gələn aydan Rusiyada Prezident seçkiləri prosesi başlayır. Vladimir Putinin seçkilərə namizədliyini irəli sürüb sürməyəcəyi barədə hələ ki məlumat olmasa da Kremlin mətbuat katibi Dmitri Peskovu bildirdiyinə görə Rusiya Prezidentinin başqa alternativi də yoxdur. Elə alternativin olmaması Putinin seçkilərdə iştirakına işarədir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, bu seçki Rusiya tarixində İkinci Dünya müharibəsindən sonra ən ağrılı seçkidir:
“Ona görə ki, Rusiya bu vaxta qədər bu cür ağır müharibə şəraitində seçki keçirtməyib. Müharibənin bu seçkilərə təsiri isə birmənalıdır. Müharibə Rusiyada həm iqtisadi, həm də sosial həyata ciddi təsir edib. Bu da özünü seçki sandığı qarşısında göstərə bilər. Ancaq təbii ki, Rusiyanın hakim dairələri Vladimir Putin və komandası bunları nəzərə alacaq. Birinci növbədə, seçkiyə qədər insanları qıcıqlandıran və Putin hakimiyyətinə qarşı çıxan ciddi tədbirlər görülməyəcək, eyni zamanda, insanların sosial rifahını yüksəldəcək qərarlar qəbul ediləcək və rublun sabitləşməsi istiqamətində müəyyən addımlar atılacaq. Yəqin ki, bir aydan sonra bu proseslərin başlamasina şahid olacağıq. Çox böyük ehtimal ki, dekabra qədər Putinin namizədliyi barədə məlumatlar yayılacaq”.
//Gülnarə Abasova, Editor.az

