“Son dövrlər ABŞ rəsmilərinin regiona səfərləri artıb. ABŞ-nin müxtəlif rəsmi şəxslərinin tez-tez İrəvana səfərlər etdiyinin şahidi oluruq. Bu konteksdə ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin mərkəz rəhbəri Patrik Priourun Azərbaycana səfəri ABŞ-nin Cənubi Qafqazda təhlükəsizlik baxımından ölkəmizə önəm verdiyini növbəti dəfə nümayiş etdirmiş olur”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Onun sözlərinə görə, ABŞ-nin Müdafiə Nazirliyi kimi tanınan Pentaqonun bir çox məsələlərdə mövqeyi ABŞ Dövlət Departamenti ilə fərqli olub:
“Dövlət Departamenti daha çox siyasi bəyanatlar verib ölkələrə qarşı ayrı-seçkilik nümayiş etdirsə də, Pentaqon öz strukturuna uyğun olaraq daha çox hərbi, təhlükəsizlik məsələlərini ön plana çəkib. Pentaqon rəsmiləri ilə Dövlət Departamenti rəsmilərinin baxışlarında müəyyən fərqliliklər olub.
Patrik Prioru Bakıya gətirən səbəblərdən biri Azərbaycanın hərbi və təhlükəsizlik baxımından regionun ən önəmli ölkəsi olmasıdır. Həmçinin qarşıda Azərbaycan COP29 kimi önəmli bir tədbirə ev sahibliyi edəcək. Bu baxımdan Patrik Priorun ölkəmizə səfəri ABŞ-nin Azərbaycana verdiyi önəmi növbəti dəfə sübut edir. Eyni zamanda, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə ay öncə ABŞ-yə səfər edib orada yüksək rütbəli rəsmi şəxslərlə görüşlər həyata keçirtmişdi. Yəqin ki, ABŞ-Azərbaycan əməkdaşlığının gələcək perspektivləri də bu danışıqlarda geniş şəkildə müzakirə edilib”.
//Gülnarə Abasova, Editor.az

