“Severedonetsk şəhərində baş verən toqquşmalar ölkənin şərqində müharibənin nəticəsini müəyyən edə bilər”.
Editor.az xəbər verir ki, bu fikirlə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.
Severodonetskdə Rusiya və separatçı qüvvələr ilə Ukrayna ordusu arasında toqquşmalar geniş vüsət alıb.Luqansk vilayətinin qubernatoru Serhiy Haydai bildirib ki, Rusiyanın hava hücumları və ağır artilleriyaya başlamasından sonra Ukrayna xüsusi təyinatlıları geri çəkilib.
“Bizim qoşunlarımız yenidən şəhərin yalnız xarici mövqelərinə nəzarət edir. Lakin döyüşlər davam edir, əsgərlərimiz Severodonetski müdafiə edir”, – Haydai yerli mətbuata bildirib. Severodonetskdə və yaxınlıqdakı Lisiçansk şəhərində 15 minə yaxın mülki şəxsin qaldığı təxmin edilir.
Qeyd edək ki, martın sonunda Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevin kənar mövqelərindən geri çəkildikdən sonra müharibənin oxu ölkənin şərqinə keçdi. Donbas bölgəsinin böyük hissəsi 2014-2015-ci illərdəki münaqişələrdən sonra rusiyayönlü separatçı qüvvələrin nəzarətinə keçib.
//Gülnarə Abasova, Editor.az

