“Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digər saxlanılanlar Azərbaycanın ərazi bütövlüyünə qarşı xəyanət etmiş şəxslərdir. Azərbaycanda müharibə dövründə saxlanılan hərbi əsirlərin olmadığı bildirilir. Azərbaycan həbsxanalarında qalanlar isə separatçılar, onların liderləri, təxribat törədən terrorçulardır. Bunların əsir kimi təqdim edilməsi doğru deyil. Çünki onlar müharibə dövrünün əsirləri deyil”.
Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanda həbs edilən keçmiş qondarma qurumun “lider”lərinin dəyişdirilməsinin mümkünlüyü barədə fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bildirib ki, ölkədə erməni hərbi əsirləri yoxdur:
“Saxlanılanlar yalnız cinayətkarlardır. Bu baxımdan Azərbaycanın onları mühakiməsiz, cəzalandırmadan azad edəcəyi gözlənilmir. Həmin şəxslərin istintaqı hələ də davam edir. Məhkəmə prosesindən sonra isə onlara qarşı cəza tətbiq olunacaq. Bir sonrakı mərhələdə bəzi məsələlər müzakirə edilə bilər. Məhkəmə prosesi başa çatmadan Azərbaycanın həmin şəxsləri sərbəst buraxması ehtimalı yoxdur”.
//Gülnarə Abasova, Editor.az

