Bu tarixdə yoluxma artacaq, tələbə və şagirdlər… – İnfeksionistdən XƏBƏRDARLIQbackend

Bu tarixdə yoluxma artacaq, tələbə və şagirdlər… – İnfeksionistdən XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadənin proqnozuna görə, noyabr-dekabr aylarında yeni növ koronavirus infeksiyasının virulentliyi artacaq.

Editor.az  həkimlə müsahibəni təqdim edir:

– Doktor, koronavirusla mübarizədə Azərbaycan qalib gələ bilirmi?

– Ümumiyyətlə, COVID-19 pandemiyasına hazırda dünya da qalib gələ bilmir. Vaksinasiya tətbiq olunsa da, görürük ki, müəyyən müddətdən sonra yoluxma yenidən artır. Odur ki, pandemiyanın nə zaman bitəcəyi barədə dəqiq proqnoz vermək çətindir. Sözsüz ki, bu sahədə ciddi işlər aparılır və pandemiya bitənə qədər bu tədbirlər davam etdirilməlidir.

– Məktəb və universitetlərdə kütləvi yoluxmaların qeydə alınması vəziyyətin yenidən pisləşəcəyinə işarədir?

– Noyabr-dekabr aylarında yenidən artım proqnozlaşdırılır. Görürük ki, son günlərdə yoluxmalar artmağa doğru gedir. Çünki məktəb və universitetlərin açılması buna şərait yaradır.

– Bu halda karantin rejimi yenidən sərtləşdirilə bilər?

– Kütləvi yoluxmaların olduğu məktəblər və universitet qrupları distant təhsilə keçir. Lakin bütün məktəb və universitetlərin bağlanması ilə nəticə əldə olunmayacaq. Bioloji prosesdir, infeksiya artmağa doğru gedir. Sərt karantin tətbiq olunsa, nisbətən azalacaq, karantin ləğv olunanda isə yenidən artmağa başlayacaq. Bir sözlə, COVID-19 bizimlə yaşamağa davam edəcək.

– Xəstələr arasında hansı yaş qrupu üstünlük təşkil edəcək?

– Bütün yaş qruplarında artım müşahidə edilir və ediləcək. Hesab edirəm ki, şagirdlər və tələbələr yoluxmalara daha çox məruz qalacaq.

– BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, vaksinlərin bölüşdürülməsindəki bərabərsizlik COVID-19-un yeni ştammlarının yayılmasına səbəb olacaq.

– Vaksinasiya aparılsa da, aparılmasa da yeni ştammlar əmələ gələcək. Çünki bu, onların bioloji xüsusiyyətidir. Məsələ ondadır ki, yeni ştammlar əmələ gələndə vaksinlər onlara qarşı bir o qədər effektli olmaya bilər. Bəli, bu gün dünyanın yoxsul ölkələrində vaksin problemi davam edir ki, bu da pandemiyanın başa çatmasına mane olur.

– COVID-19 əleyhinə peyvənd olunan insanların qripə qarşı vaksinə ehtiyacı varmı?

– Əlbəttə ki, var. Çünki ayrı-ayrı xəstəliklərdir. COVID-19-a qarşı vaksin olunan insan müəyyən müddətdən sonra qrip əleyhinə də peyvənd oluna bilər. Qripə qarşı vaksinasiyada onun serotipi bəlli olmalıdır ki, əleyhinə vaksinasiya tətbiq olunsun.

– Son günlərdə Azərbaycanda qrip infeksiyasının yayıldığı müşahidə edilir. Dünya xəbərlərindən aydın olur ki, eyni hal digər ölkələrdə də yaşanır.

– Havaların soyuması ilə qripə bənzər əlamətlərlə gedən kəskin respirator virus infeksiyalarının baş qaldırdığı müşahidə edilir. Hazırda ölkədə həm COVID-19, həm də qrip yayılmaqdadır, amma bunlar ayrı-ayrı viruslardır. Qrip mövsümi xəstəlikdir, COVID-19 isə il boyu davam edəcək.

Biz hər il qriplə qarşılaşmışıq. Keçən və ondan əvvəlki il məhdudiyyətlər tətbiq olunduğu üçün qrip infeksiyasına demək olar ki, rast gəlinmədi. Bu il sərt karantin yoxdur, odur ki, qrip infeksiyasının artması üçün əlverişli şərait yaranıb.

Qrip ağır əlamətlərlə getmir, yüngül, orta dərəcələrlə davam etdiyini görürük. Əsasən uşaqlarda və orta yaş qrupunda rast gəlinir. Yaşlılar da var, amma orta ağır dərəcədə gedir. Bundan başqa, qripin klinik əlamətləri 3-4 gündən artıq davam etmir. (publika.az)

Loading...