“Azərbaycan və Rusiya Təhlükəsizlik Orqanlarının əməkdaşlıq etməsi, dost olmayan ölkələrin kəşfiyyat əməliyyatlarına qarşı birlikdə əks kəşfiyyat fəaliyyəti yürütməsi təbii haldır. Bu fəaliyyət tək Rusiya ilə yox, Türkiyə, İsrail kəşfiyyat orqanları ilə də birgə aparılır. ABŞ, Fransa agentura şəbəkələrinin fəaliyyətinin deşifrə edilməsi də bu qarşılıqlı fəaliyyətin nəticəsidir”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.
Analitik bildirib ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Azərbaycana səfəri və açıqlamalarının mahiyyəti onu göstərir ki, Azərbaycan və Rusiyada beynəlxalq terror təşkilatları mövcuddur:
“Rusiyada buna davam edən hadisələr fonunda təbii yanaşmaq olar. Hesab edirəm ki, bunu son dövrlər Azərbaycanda şimal rayonlarında aparılan dini qruplaşmalara qarşı əməliyyatlarla əlaqələndirmək olar. Amma sistemdənkənar müxalifət anlayışının yeni olduğu qənaətindəyəm. Müxalifət radikal və ya hərbi ola bilər. ABŞ tərəfindən maliyyələşdirilən hansısa təşkilatın fəaliyyətini isə terror və ya radikal müxalifət anlayışına mənsubluğu isə nisbi xarakter dayışa bilər. Bunlar qeyd edilən kimi də ola bilər, olmaya da bilər. Məsələ ondadır ki, ABŞ-ın maliyyələşdirdiyi təşkilatlar arasında uzun müddət Azərbaycanda normal fəaliyyət göstərən təşkilatlar da mövcud olub. Amma geosiyasi proseslərin getdikcə mürəkkəbləşdiyi bir dövrdə ABŞ-ın maliyyələşdirdiyi təşkilatların da fəaliyyətində hansısa radikal dəyişikliklərin olması mümkündür. Bu, tək Azərbaycan yox, bizi maraqlandıran bütün Cənubi Qafqaz regionunda hiss olunur”.
A. Qasımov ABŞ agenturasının Azərbaycanda inqilab və hakimiyyət dəyişikliyi kimi planlarının olması faktını mümkün hesab etmir:
“ABŞ Azərbaycanda olan ictimai və siyasi durumu yaxşı bilir. Azərbaycanda bunun üçün nə sosial təlabat, nə də real imkan var. Təbii ki, Azərbaycanda narazılıq doğuran bir çox hallar mövcuddur. Amma bu, Azərbaycanda inqilab üçün yetərli sosial sifariş deyil. Azərbaycan xalqının daxilində narazı kütlə olsa da, onlar Azərbaycanın dövlət maraqlarını şəxsi maraqlarından üstün tuturlar. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti də bunu bilir və öz siyasətində bu istiqamətdə ciddi addımlar atacaq. Rusiyada olması mümkün inqilab məsələsi isə Rusiya hakimiyyətini əlaqədar edər. Rusiyada əgər belə bir real təhlükə varsa, bu, ancaq Ukraynaya etdiyi təcavüzün nəticəsi kimi ola bilər. Bundan da Rusiya hakimiyyəti narahat olsun”.
//Gülnarə Abasova, Editor.az