Bu təkliflər Ermənistan üçün SON ŞANS sayıla bilər: “Rusiyanın mövqeyinin dəyişməsi qeyri-mümkündür”backend

Bu təkliflər Ermənistan üçün SON ŞANS sayıla bilər: “Rusiyanın mövqeyinin dəyişməsi qeyri-mümkündür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından danışıb. XİN rəsmisi bildirib ki, Bakı və İrəvanın sülh sazişi ilə əlaqədar işə başlaması hazırlığı Kreml tərəfindən alqışlanır. Zaxarova ölkəsinin sülh danışıqları prosesinə hərtərəfli köməklik göstərmək niyyətini bir daha təsdiqləyib.

Mövzu ilə bağlı Editor.az-a danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi kapituliyasiya aktını hələ 2020-ci il 10 noyabr bəyanatını imzalayarkən qəbul edib:

“Bəyanatı üçüncü tərəf olaraq imzalayan Rusiya Federasiyası da bu bəyanatın müddəalarından irəli gələn tələblərin yerinə yetirilməsinin məsuliyyətini daşıyır. RF dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə bəyan edib. Rusiyanın bu mövqeyində hər hansı dəyişikliklərin olma ehtimalı sıfırdır, hələ Ukrayna savaşı səbəbindən Qərbin və beynəlxalq ictimaiyyətin ağır sanksiya və qınağı ilə üzləşdiyi bir vaxtda bu heç mümkün deyil. RF XİN mətbuat katibi M.Zaxarovanın bu günlərdə səsləndirdiyi bəyanat da Rusiyanın Azərbaycan-Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsində rol almaq istəyinin ifadəsidir”.

Politoloqun sözlərinə görə, Azərbaycan böyük diplomatik məharətlə son dərəcə gərgin bir regionda və atmosferdə balans siyasətini qibtə ediləcək bir uğurla davam etdirir:

“Əslində Azərbaycanın Ermənistana təklif etdiyi və sülh müqaviləsinin əsasını təşkil edəcək 5 bəndlik baza prinsipləri çox ədalətlidir. Ermənistanın bu baza prinsipləri əsasında sülh imzalaması Qafqazda uzun müddətli sülhün və sabitliyin təminatı olardı ki, bunun da memarı sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Rusiyanın və ya hansısa böyük dövlətin iki ölkə arasında imzalanacaq sülh müqaviləsində iştirak arzusu təbiidir və beynəlxalq praktikada sıx-sıx rast gəlinən bir prosedurdur. Məsələn, Türkiyə Cumhuriyyəti ilə imzalanan “Lozan” anlaşmasının altında 12 dövlətin imzası var. Bu təkliflər Ermənistan üçün son şans sayıla bilər”.

//Gülnarə Abasova, Editor.az