“Bu təxribatlar Ermənistan və Rusiyanın birgə planıdır”-Ekspert AÇIQLADIbackend

“Bu təxribatlar Ermənistan və Rusiyanın birgə planıdır”-Ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq bir həftədir ki,  Azərbaycan ekofəalları tərəfindən davamlı olaraq Qarabağda erməni terrorçu dəstələrinin və Rusiya hərbiçilərinin iştirakı ilə təbii sərvətlərin istismarı, ekologiyasının pozulması ilə bağlı etiraz aksiyası keçirilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, beynəlxalq birlik tərəfindən bu vəziyyətə erməni mətbuatının gözü ilə baxılır: “Ermənilər də istənilən formada təxribatçı, qarayaxma fikirlər səsləndirməklə prosesləri daha da gərgin məcraya yönəltməyə çalışırlar. Erməni mətbuatının məqsədi təkcə Rusiya-Azərbaycan qarşıdurması deyil, eyni zamanda, beynəlxalq birliyin də Azərbaycanla üz-üzə gəlməsini təşviq etməkdir. Rusiya hərbiçiləri Qarabağda guya sülhməramlı funksiyanı yerinə yetirirlər. Rusiya nüfuz dairəsinin daralmasını, Qarabağda nüfuzunu itirməyi istəməz. Rəsmi Kreml bölgədəki gərginlikdən Azərbaycana qarşı istifadə etmək istəyərdi. Amma nəzərə alsaq ki, aksiya iştirakçıları dinc əhalidir, bu zaman silaha əl atılması bölgədə böyük gərginlik və qarşıdurmanın yaranmasına səbəb olacaq”.

Samir Hümbətovun fikrincə, Rusiyanın ehtiyat etdiyi digər bir amil isə Türkiyədir: “ Buna görə də Azərbaycana qarşı təxribat yönümlü addım atacağını düşünmürəm. Dünyanın əksər ölkələri də yaxşı başa düşür ki, bu, Ermənistan və Rusiyanın birgə planıdır. Unutmaq olmaz ki, hər bir dövlət öz marağını güdür. Amma bəziləri də erməni yönümlü siyasətə üstünlük verirlər. 22 fevral 2022-ci ildə Rusiya ilə imzalanmış müttəfiqlik bəyannaməsi də ortadadır. Buna görə Rusiya hələ ki məsələyə sakit yanaşmağa çalışır. Amma ekspertlər, siyasətçilər tərəfindən bəzən antiAzərbaycan fikirləri, sərt ritorikalar səsləndirilir. Hər hansı təhdidedici mesajlar verilə bilər, lakin bunun da bir əhəmiyyəti yoxdur. Azərbaycan hər vəziyyətə hazırdır. Qarabağ bölgəsində bir sıra Xüsusi Təyinatlı Qüvvələrimiz də var. İstənilən təxribata yerindəcə cavab veriləcək”.

//Safura Bənnayeva, Editor.az