“Hər zaman Brüssel görüşlərində Ermənistan rəhbərliyi bir söz verir daha sonrakı mərhələdə isə vaxt qazanmaq üçün vəziyəti manipulyasiya edirlər. Paşinyanın Brüssel görüşündən sonrakı mərhələdə “Biz sülh sazişinə hazırıq” bəyanatından sonra onlar bu istiqamətdə bizim düşündüyümüz kimi davranmayacaqlar. Yenə də Rusiya ilə Avropanın Ermənistanı siyasi müstəvidə görməsi yönündə zaman qazanmağa çalışacaqlar”.
Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib.

O qeyd edir ki, növbəti mərhələdə sülh sazişinin imzalanmasını tezliklə Ermənistandan gözləməyimiz doğru deyil:
“Çünki sülh sazişinin tez bir zamanda imzalanması üçün Ermənistan rəhbərliyi daxildə olan radikallarla məsələni həll etməlidir. Bu radikal qüvvələri neytrallaşdırmaq üçün Paşinyanın yetərincə güc yoxdur. Paşinyan siyasi lider kimi əsl liderlik keyfiyyətlərinə malik deyil. Biz istəyirik ki, sülh sazişinə gedən zaman qısa olsun. Sazişinin içərisində bir çox məsələlər var. Xüsusilə də sərhədlərin tanınması, qeyri-qanuni hərbi birləşmələrin çıxarılması, Zəngəzur dəhlizinin açılması, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması…Bunu Ermənistan hakimiyyəti rahatlıqla qəbul edə bilməyəcək”.
Ekspert bildirir ki, Azərbaycan tərəfi bu prosesi sürətləndirmək istəyir:
“Bunu 2 istiqamətdə həyata keçirə bilərik. Birincisi, sülh danışıqları fonunda, digər tərəfdən əgər bunun əksi olarsa, sülhə məcburetmə deyilən bir variant da var. Belə ki, qalib tərəfin şərtləri məğlub ölkə tərəfindən həmişə qəbul olunmalıdır. Təmas vəziyyətində Qarabağdakı ermənilərlə Rusiya sülhməramlılarının olması Azərbaycanı həmin ermənilərə qarşı ehtiyyatlı davranmağa sövq edir. Çünki ortada Rusiya hərbiçiləri də var. Sərhədlərdə isə bu problem yoxdur. Azərbaycan kifayət qədər hərbi gücə malikdir.
Rəsmi İrəvan da bunu yaxşı anlayır ki, məsələ masada həll olunmasa, Azərbaycan bunu həll edəcək. Necə ki, biz “Qisas” əməliyyatında 3 günün içərisində 300 km² ərazini nəzarətə götürə bildik. Ermənistanı sülhə məcburetmə əməliyyatlarına kifayət qədər nümunələr var. Bunu da yaxşı bilirlər ki, bizim qarşımızda duracaq nə siyasi, nə də hərbi güc yoxdur”.
Elxan Şıxəliyevin sözlərinə görə, bu sülh sazişi imzalanacaq, amma nə vaxt imzalanacağı Ermənistandan asılı olacaq:
“ Hər dəfə həyati önəm kəsb edən zamanlarda Ermənistanda kataklizmlər yaşanıb. Məsələn, parlamentin güllələnməsi, Sarkisyanın hakimiyyətdən getməsi… Paşinyan hakimiyyətinin devrilməsi istiqamətində də bu formada addımlar atıla bilər. Son variantda Ermənistan hakimiyyəti deyə bilər ki, imza atmaq üçün bizim siyasi hakimiyyətimiz yoxdur. Bu prosesdən yayınmaq üçün atılmış addımdır. Azərbaycan Ermənistanı imza atmağa məcbur edəcək. Əks halda sərhədlər yoxdursa, tərəflər bir-birinin siyasi olaraq sərhədlərin tanımırsa, güclü tərəfin də sahədə etdikləri məqbul sayılacaq. Atəşkəsin pozulmasının əsas səbəblərdən biri də, Ermənistanın siyasi-hərbi rəhbərliyinin münasibətlərə ləng yanaşmasıdır. Burada əsgərlər rəhbərliyin sərhədlərin tanınması, sülh sazişinin imzalanmasında tərəddüd etdiyini görür ona görədə bildikləri kimi davranırlar. Atəşkəsin pozulmasının qarşılığını silahlı qüvvələrimiz kifayət qədər yaxşı verir. Ermənistan tərəfinin son çırpınışlarıdır. “Qisas”əməliyyatı bir daha onlara sübut etdi ki, güvəndikləri Rusiya sülhməramlıları belə onlara kömək edə bilməyəcək. Qırmızı xətti keçdikləri an Azərbaycan hərbi gücünü sahəyə əks etdirir. Bölgədə gedən proseslər bizim lehimizədir.
İstər Qarabağda, istərsə də bütün sərhədboyu ərazilərdə əməliyyat şəraiti silahlı qüvvələrimizin nəzarəti altındadır. Hər atılan atəşə cavab verilir. Ermənilər bilməlidir ki, əgər bizimlə danışacaq siyasi-hərbi gücləri yoxdursa, sülh sazişini bağlamaqdan başqa yolları da yoxdur”.
//Safura Bənnayeva, Editor.az

