Mövzu: 3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
İlk dəfə Azərbaycanın 2 ali təhsil müəssisəsi dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub. Əsasən elmi-tədqiqat yönümlü universitetlərin fəaliyyəti 18 meyar üzrə qiymətləndirildiyi deyilir. Lakin hansı meyarların bu kimi reytinq cədvəllərində yer aldığı, götürüldüyü məlum deyil. Azərbaycanda isə çox az sayda universitet zaman-zaman belə siyahılarda yer tutub. Bu gün ölkədə kifayət qədər inkişaf etmiş ali təhsil müəssisələrimiz var.
Maraqlıdır, niyə məhz bu iki universitet reytinq cədvəlinə daxil olub? Digər universitetlərin ödəyə bilmədiyi həmin meyarlar hansılardır?
Mövzu ilə bağlı Editor.az-a danışan təhsil üzrə ekster Sona Əliyeva deyib ki, bu il ilk dəfə Azərbaycanın iki ali təhsil müəssisəsi, Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), “Times Higher Education” (THE) tərəfindən tərtib edilən dünyanın ən yaxşı universitetləri reytinqinə daxil olub:

“BDU artıq dördüncü dəfədir ki, bu reytinqdə iştirak edir, ADNSU isə ilk dəfədir bu siyahıya düşür.
Universitetlərin THE reytinqinə daxil edilməsi bir neçə əsas göstərici üzrə həyata keçirilir. Bu göstəricilərə elmi tədqiqatların keyfiyyəti, akademik heyətin beynəlxalq indeksli məqalələrinin sayı , tədris prosesi, beynəlxalq əlaqələr, beynəlxalq standartlara uyğunliuq vəs daxildir
Digər Azərbaycan universitetlərinin bu meyarlara görə daha aşağı göstəricilərə malikdir. Xüsusilə beynəlxalq indeksli elmi nəşrlərin azlığı, dayanıqlı inkişaf məqsədlərinə uyğun fəaliyyətdə geri qalmaları və beynəlxalq akademik əlaqələrin zəif olması digər Azərbaycan universitetlərinin ümumi inkişafı və beyn maneə yaradır.
Bu reytinqə daxil olmaq isə BDU və ADNSU-ya beynəlxalq miqyasda tanınma və tələbələrin bu universitetlərə marağının artması kimi faydalar gətirəcək. Universitetlər həmçinin daha geniş beynəlxalq əməkdaşlıq və qrant imkanları əldə edəcək, elmi tədqiqat sahəsində yeni layihələrə dəstək tapacaqlar”.
Təhsil eksperti Elmin Nuri qeyd edib ki, ötən həftə dünyaca məşhur reytinq agentliyi “Times Higher Education” tərəfindən Azərbaycanın iki universitetinin reytinq cədvəlində yer alması ilə bağlı məlumat verildi:

“Elm və Ali təhsil üzrə agentlik başda olmaqla digər mənbələr , media resursları ictimaiyyəti bilgiləndirdilər. Təhsilimiz adına atılan hər bir addım, ən kiçik uğur belə bizi sevindirməlidir. Təhsil istiqamətində buna böyük ehtiyacımız var. Adı çəkilən beynəlxalq reytinq agentliyinin baş direktoru da qeyd edib ki, ADNSU-nun dünya universitetlərinin ən böyük və əhatəli reytinqinə daxil olmasını görmək gözəldir. Bundan əlavə BDU-da həmin siyahıda yer alırdı. ADNSU-nun hansı meyarlar çərçivəsində bu reytinq siyahısına düşdüyü universitet tərəfindən açıqlanmalı idi. UNEC, BANM , Texniki universitet və ya digərləri niyə bu siyahıda yer almır? Bu kriteriyalar hərkəsə aydın olmalıdır ki, o biri universitetlər də yararlana bilsinlər”.
Təhsil üzrə ekspert Elçin Əfəndi isə məsələyə belə münasibət bildirib:

“Hər il bu istiqamətdə bəzi reytinq ölçən təşkilatlar tərəfindən açıqlamalar verilir. Sevindirici haldır ki, bu kimi təşkilatların siyahısında universitetlərimizin bəziləri yer ala bilir. Bu digər universitetlərimiz üçün də örnək olmalıdır. Həmin siyahıda yer tutmaq üçün çatışmayan müəyyən cəhətləri aradan qaldırmağa cəhd etməlidirlər. Başlıca şərt isə universitetlərin nüfuzu, tanınmasıdır. Məzunların iş imkanları, yazılan məqalələrə müraciətlər, tədqiqatların çəkisi əsas götürülür. İnnovasiya, sosial münasibət, infrastruktur və s. kimi meyarlar həmin universitetlərin reytinqdə yer almasına əsas verir. Adı çəkilən reytinq siyahısında bir neçə universitetimiz də yer almalıdır. UNEC, BANM, ADA və digərləri buna nümunədir. Son dövrlərdə əldə etdikləri göstəricilər bunun üçün zəmin yaradır. Ali təhsil müəssisələri sağlam rəqabət mühiti formalaşdırmalıdırlar”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


