Bu valideynlərdə ciddi narazılıq yaradır- Təhsil ekpertindən yeni tədris ili ilə bağlı AÇIQLAMAbackend

“Bu valideynlərdə ciddi narazılıq yaradır” – Təhsil ekpertindən yeni tədris ili ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni tədris ilinə 1 aydan da az vaxt qalmasına baxmayaraq hələ də tədris ilinin başlanması ilə bağlı rəsmi məlumat verilmir. Bu da valideynlərin ciddi şəkildə narahatlığına səbəb olur”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, bildirib ki, hər il ölkədə avqust ayının 15-dən sonra yeni tədris ilinə hazırlıq prosesi başlayır:

” Valideynlər yeni tədris ili üçün şagirdlərin ehtiyacı olan zəruri avadanlıqların, məktəbli formalarının əldə olunması ilə bağlı hazırlıq görməyə başlamalıdırlar. Tələbələr həyəcanla yeni tədris ilinə hazırlaşırlar. Lakin rəsmi qərarın hələ də verilməməsi cəmiyyətdə ciddi narazılıqlara səbəb olub. Yeni tədris ilinin başlaması ilə bağlı qəti mövqeyimizi ortaya qoymalıyıq. Hesab edirəm ki, yeni tədris ili hibrid formada deyil, ənənəvi formada tam şəkildə bərpa olunmalıdır. Hal-hazırda ölkədə vaksin olunan vətəndaşların sayı 5 milyondan çoxdur. Eyni zamanda şagird, tələbə və müəllim heyəti pandemiya dövründə davranış qaydalarına yiyələniblər. Azərbaycan pandemiya dövründə təhsili bərpa edən dünyada azsaylı ölkələrdən biridir. 2020-ci ilin sentyabrın 15-də, 2021-ci ilin fevralın 14-də ənənəvi tədris prosesi bərpa olundu. Baxmayaraq ki həmin vaxt ölkədə vaksinasiya prosesi həyata keçirilmirdi. İndi isə vəziyyət tamamilə fərqlidir. Xeyli sayda vətəndaş peyvənd olunub və olmaqda davam edir. Buna görə də sentyabr ayından artıq yeni ənənəvi tədris prosesi bərpa olunmalıdır”.

Ekspert qeyd edib ki, onlayn tədrisin keyfiyyətindən söz açmağa dəyməz:

“Biz pandemiya dövründə də gördük ki, onlayn tədris prosesi zamanı bəzi fənlərin tədrisində ciddi problemlər yarandı. Hər bir şagirdin onlayn tədris prosesi üçün lazimi avadanlıqları, kompyuter, planşet, internetə çıxış imkanı yoxdur. Bu formada keçirilən tədris ürəkaçan deyil. Belə olduqda yeni tədris ilinin ənənəvi qaydada başlaması zəruridir”.

Kamran Əsədov hesab edir ki, avqust ayının 15-nə qədər müvafiq qurumlar tərəfindən yeni tədris ilinin başlanması ilə bağlı rəsmi qərar qəbul ediləcək:

“Çünki gecikmələr valideynlərə problemlər yaradacaq. Nəzərə almaq lazımdır ki, bir çox insan pandemiya ilə əlaqədar olaraq gəlir yerlərini itirib. Məhz bu amili, eyni zamanda pandemiya qaydalarını nəzərə alaraq deyə bilərik ki, vətəndaşlar məktəbli formalarının əldə edilməsində ciddi sıxıntılar yaşayacaqlar. Ona görə də yeni tədris ili ilə bağlı qərar qəbul edərkən məktəbli formaları ilə bağlı güzəştlər tətbiq olunmalıdır, məcburiyyət olmamalıdır. Nəzərə almaq lazımdır ki, satış mağazasında bir geyim formasına bir neçə şəxs toxuna bilər. Eyni zamanda, yeni tədris ilində məktəblərdə şagirdlərə, universitetlərdə tələbələrə veriləcək dərsliklər də yeni komplekt olmalıdır. Çünki keçən il koronavirusa yoluxmuş bir çox şagirdlər, tələbələr həmin dərs vəsaitlərindən istifadə edib. Bütün bu ehtimalları da nəzərə alaraq ciddi hazırlıq prosesi fonunda ənənəvi tədris ilinə başlamalıyıq”.

//Gülnarə Abasova, Editor.az