“10 noyabr birgə razılaşmasına uyğun olaraq rus sülhməramlıları ilk növbədə Qarabağda, etnik ermənilərin yaşadığı ərazidə sülh və təhlükəsizliyi təmin etməlidir. Lakin onlar əksinə fəaliyyətə başladıqları vaxtdan separatizmə açıq şəkildə dəstək verirlər”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Azərbaycan haqlı olaraq rus sülhməramlılarının mandatını bu günə qədər təsdiq etməyib:
” Bu da rus sülhməramlılarının Qarabağda hərbiçi kimi fəaliyyət göstərməsi deməkdir və Azərbaycan istənilən vaxt onların fəaliyyətinə son verə bilər. 10 noyabr razılaşmasının bəndləri rus sülhməramlıları tərəfindən yerinə yetirilmir və Qarabağda erməni silahlı birləşmələrinin atəşkəsi mütəmadi olaraq pozmasına şərait yaradılır. Buna görə də artıq sülhməramlıların mandatı ilə bağlı mexanizmlər təyin olunmalıdır. Rus sülhməramlıları Qarabağda yalnız ermənilərin deyil, azərbaycanlıların da təhlükəsizliyini təmin etməlidir. Bu istiqamətdə Rusiya ilə danışıqlar davam edir. Əgər Azərbaycanın tələbləri yerinə yetirilmiyəcəksə, Rusiyanın sülhməramlı kimi fəaliyyətinə xitam veriləcək”.
Politoloqun sözlərinə görə rus sülhməramlıları mövqeyindən dönməsə, bu yeni müharibəyə gətirib çıxara bilər:
” Çünki Azərbaycan Qarabağda erməni silahlı birləşmələrinə qarşı ciddi tədbirlər görür və yaxın zamanda antiterror əməliyyatlarına başlaya bilər. Rusiya sülhməramlı qüvvələrinin mandatının təsdiqlənməsi o əsasda ola bilər ki, Laçın dəhlizində Azərbaycan postu və erməni silahlı birləşmələrinin Qarabağda əldə olunmuş razılığa əsasən çıxarılması nəzərdə tutulsun”.
//Gülnarə Abasova, Editor.az

