“15 iyulda Brüsseldə Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşdə hər hansı bir sənəd imzalanmasa da müzakirə olunan məsələlərin aktuallığı baxımından çox əhəmiyyətli olduğunu düşünürəm. Görüşdə bu gün gündəlikdə müzakirə olunmalı demək olar ki, bütün məsələlər ətrafında danışıqlar aparıldı. Bura ölkələrin ərazi bütövlüyünün parametrlərlə qarşılıqlı tanınması, yolu azaraq itkin düşən vətəndaşlarımızın qaytarılması, sərhədlərin delimitasiyası, Qarabağdakı hərbi birləşmələrin ərazilərimizdən çıxarılması, Zəngəzur dəhlizi üzrə dəmir yolunun tikintisinin sürətləndirilməsi, Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıtması məsələləri daxildir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili Brüssel görüşünün növbəti görüşün keçirilməsi üçün razılığın əldə olunması və müzakirə olunmuş məsələlərin həll edilməsinin aktivləşməsi baxımından əhəmiyyətli olduğunu hesab edir:
“Görüşlərin keçirilməsinin davamlı olması mövqelərimizi müəyyən məsələlərin həll olunmasına yaxınlaşdırır və yenidən müharibənin başvermə ehtimalını azaldır. Keçirilən üçtərəfli platformalardakı görüşlər növbəti mərhələlərdə ikitərəfli formata keçirilməli və problem üçüncü tərəflər olmadan birbaşa Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Çünki, gündəlik məlumdur və bu gündəliyin reallaşdırılması ilk növbədə Ermənistana və Azərbaycana lazımdır”.
//Gülnarə Abasova, Editor.az

